Zeynal Məmmədov: Qardaş, göydə Allah var, “Olimpik”in pisliyi özünə qaldı
04.05.2009 - 16:21
Zeynal Məmmədov: Qardaş, göydə Allah var, “Olimpik”in pisliyi özünə qaldı
“Liderliyi qaytardığımıza görə çox sevinirik. Özü də bunun ad günümə təsadüf etməsi lap yerinə düşdü. Əlbəttə ki, bu, mənim üçün ən yaxşı hədiyyə idi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.

Mayın 1-də 40 yaşını qeyd edən Məmmədov ertəsi komandasının “Simurq” üzərində vacib qələbəsinə (1:0) sevinib. Bundan bir gün sonra isə “İnter”in Ağdamda “Qarabağ”la oyunda xal itirdi və “Bakı” sona iki tur qalmış liderliyi qaytardı. Məmmədov onları çempionluq münasibəti ilə təbrik edənləri tələsməməyi məsləhət görür: “Hələ çempionat qurtarmayıb axı. Son iki turu da gözləmək lazımdır. “Turan” və “Muğan”la oyunlarımız da var və hər şey gözləniləndir. Axıra qədər mübarizə aparmaq lazımdır. Çempion olmaq üçün əlimizə gözəl şans düşüb. Bunu əldən buraxmaq olmaz. Futbolçulardan çox razı qaldıq. Onlar “Simurq”la matçda xarakter, əzmkarlıq nümayiş etdirdilər, meydanda var güclərini ortaya qoydular. Hər bir komandada eniş ola bilər. Qısa müddətdə ardıcıl çətin oyunlarımız olub. Bu həftə də iki belə səfər görüşümüz var. Üstəlik, “Olimpik”lə oyunda baş verənlər bizə psixoloji cəhətdən pis təsir etmişdi. Yaxşı ki, futbolçular tez özlərini gəldilər. Qardaş, göydə Allah var, “Olimpik”in pisliyi özünə qaldı”.
0