“Barselona”nın “Real”a çatmasına bir “Çelsi” qədər yol var
04.05.2009 - 23:09
“Barselona”nın “Real”a çatmasına bir “Çelsi” qədər yol var
Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları start götürür. Apasport.az saytının məlumatına görə, Romada keçiriləcək final matçının iştirakçıları qarşıdakı iki gün ərzində məlum olacaq.

Turnirin ilk finalçısının İngiltərə təmsilçisi olacağı əvvəlcədən məlumdur. Ötən ilki titulunu qorumağa çalışan “Mançester Yunayted” həmyerliləri “Arsenal”la ilk görüşdə qazandığı üstünlüyü qorusa, tarixində 5-ci dəfə finalda oynayacaq. Mançesterlilər indiyədək heç vaxt avrokubokların həlledici qarşılaşmasında uduzmayıb ki, onların hər dəfə yarımfinalı adlaması kuboka yiyələnmələri ilə nəticələnib.

Yeddinci dəfə finalda oynamaq arzusunda olan “Arsenal” isə üçüncü kubokuna bir addım da yaxınlaşmaq üçün həmyerlilərini dayandırmalıdır. Digər finalçı olmağa iddialı “Çelsi” ardıcıl ikinci olmaqla, 4-cü dəfə həlledici matçın iştirakçısı ola bilər. Üç ingilis klubu ilə mübarizə aparan “Barselona” isə mərhələ adlamaqla, qitə rekordunu təkrarlaya bilər. Belə ki, 15 dəfə avrokubokların finalında oynayan kataloniyalılar bu göstəricidə yalnız əzəli rəqibi “Real”dan geri qalır. “Barselona”nı çatmağa yaxın olduqları madridlilərdən təkcə “Çelsi” ayırır.

“Çelsi” isə qələbə qazanmaqla, İngiltərənin İspaniyanı arxada qoymağını indidən rəsmiləşdirə bilər. Çünki hər iki ölkə təmsilçiləri 29 dəfə qitə kubokunu qazanıb. UEFA kubokunda təmsilçiləri qalmayan İspaniya və İngiltərənin ikisindən biri 30-cu titulu Çempionlar Liqasında qazanacaq. “Barselona”nın mübarizəni dayandırmağı isə indidən İngiltərənin önə keçməsinə bərabər olacaq.

Çempionlar Liqası, yarımfinal, cavab oyunları
5 may


“Arsenal” (İngiltərə) – “Mançester Yunayted” (İngiltərə)

Baş hakim: Roberto Rozetti (İtaliya)
İlk oyun – 0:1

6 may
“Çelsi” (İngiltərə) – “Barselona” (İspaniya)

Baş hakim: Tom Henninq Evrebe (Norveç)
İlk oyun – 0:0

Oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
0