“Belə dəstəyin müqabilində “İnter” 10-15 xallıq fərqlə çempion olmalı idi”
04.05.2009 - 23:23
“Belə dəstəyin müqabilində “İnter” 10-15 xallıq fərqlə çempion olmalı idi”
“Valentin Xodukinin dediyi kimi, ikinci dövrədə “Turan” - “İnter” matçında stadionda “Bakı” - çempion” sədaları səslənibsə, bunun niyə belə edildiyini dəqiq söyləyə bilmərəm. Ola bilsin ki, tovuzluların bizə simpatiyası var. Yaxud onlar belə deməklə, “İnter”i qıcıqlandırmaq istəyiblər”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.

“İnter”in baş məşqçisi Valentin Xodukin “Bakı”nın liderliyi əldən verməyəcəyi, çempion olacağı ilə artıq barışıb. 70 yaşlı ukraynalı mütəxəssis Tovuzun “Turan” klubunun evdə bakılıları büdrədəcəyinə inanmır və hətta bunu qeyri-mümkün sayır. Məmmədov isə Tovuz təmsilçisinə zəif rəqib kimi baxmır: “Bakı” indiyə kimi nə bir futbolçu, nə komanda, nə də hakimlə danışığa girib. Bu, həmişə belə olub, bundan sonra belə də olacaq. “Bakı” təmiz futbol oynayır və heç kimin köməyinə ehtiyacı da yoxdur. Elə “Qarabağ” da təmiz oyuna üstünlük verdiyini bir daha nümayiş etdirdi. Bu komanda bizi ölkə kubokunun yarımfinalında öz meydanımızda uddu və ümid edirdim ki, “İnter”i də büdrədəcək”.

Məmmədovun fikrincə, “İnter” günahı daha çox özündə axtarmalıdır. Yəni, çempionluq rəqibin öz əlində idi və şansı əldən verdilər: “Liderliyi əldən buraxmayaydılar. “İnter” elə imkanların, dəstəyin müqabilində 10-15 xallıq fərqlə artıq çempion olmalı idi. Daha belə cırmaq-cırmaq mübarizə aparmaq yox. Hələ “Qarabağ”la oyunda rəqib qapısına qolu hakimin köməyi ilə vurdular. Həmin epizodda hakimin səhvini hamı gördü. Baş hakim Vüsal Əliyev təyin etdiyi cərimə zərbəsinin fitdən sonra vurulmalı olduğunu göstərir. Amma “İnter”in futbolçusu buna məhəl qoymayaraq, ötürmə edir və komanda yoldaşı başla topu “Qarabağ”ın qapısından keçirir. Əslində, buna görə baş hakim zərbənin təkrar yetirilməsinə qərar verməli və “İnter”in futbolçusuna fitdən əvvəl zərbəni vurduğuna görə sarı vərəqə göstərməli idi”.

Qeyd edək ki, FİFA hakimi olan Vüsal Əliyev “Qarabağ” – “İnter” oyununda idarəçiliyi 7,9 balla qiymətləndirildi.
0