“Xəzər-Lənkəran”ın bütün uğurları böyük paraların bəhrəsi olub”
04.05.2009 - 23:01
“Xəzər-Lənkəran”ın bütün uğurları böyük paraların bəhrəsi olub”
“Xəzər-Lənkəran” klubunun Azərbaycan Premyer Liqası və ölkə kubokundakı uğursuz çıxışı azarkeşlərin qəzəbinə səbəb olub. Apasport.az saytının məlumatına görə, uğursuzluqlardan bezən və “istefa” qışqırmaqdan yorulan fanatlar komandaya kömək üçün yeni addım atıblar.

Belə ki, “Xəzər-Lənkəran”ın “12-ci oyunçu” fan-klubu komandanın yaradıcısı, himayədarı və fəxri prezidenti Mübariz Mənsimova məktub ünvanlayıb: “Əksər mövsümlərin əvvəlindən birincilik hədəfini doğrultmağa çalışan komandamız sonradan mübarizəni axıracan apara bilməyib. Bu da yersiz transferlərin (artıq və ya lüzumsuz da demək olar) və bacarıqsız məşqçilərin sayəsində baş verir”.

“Xəzər-Lənkəran” azarkeşləri qucaq-qucaq para xərcləməklə, nəyəsə nail olmağın da mənasız olduğunu dərk edib: “Komandamız ölkə çempionu da olub, MDB, Azərbaycan kubokun da qazanıb. Amma bütün bunlar böyük paralar hesabına gələn 1-2 legionerin, oyunçulara böyük məbləğdə ayrılan mükafatların bəhrəsi olub. Bu üzdən də avrokuboklara hazır, stabil oyun nümayiş etdirən kollektiv yaradıb göndərə bilməmişik. Hərçənd, elə Azərbaycan klubları var ki, “Xəzər-Lənkəran”ın mövsüm ərzində xərclədiyi paranın yarısından da az xərcləyərək, uğur əldə etməyi bacarıb. Hansı ki, həmin klubların barmaqla sayılası azarkeşləri var. "Xəzər-Lənkəran"ın isə arxasında böyük bir insan ordusu durur. Bu ordunun fanatlıq sevgisi ilə bir və ya iki nəfər səriştəsizin oynamasına yol verməyin”.

Azarkeşlərin Mənsimovdan xahişi isə istefa ilə çıxara bilmədikləri baş məşqçinin dəyişdirilməyidir: “Klubda seleksiya işləri və bir çox məsələlər düzgün aparılmır. Düzgün aparılsaydı, bu qədər uğursuzluqlar başımıza gəlməzdi. Bəlkə də indiki uşaqlar yetişəndən sonra biz hər zaman meydanda əzmkar, yenilməz, fırtınalar meydanında rəqibə nəfəs çəkməyə imkan verməyən “Xəzər-Lənkəran” görəcəyik. Komandanın sadiq fanatları sizdən rica edir ki, doğma klubumuza bacarıqlı və bu işi bacaran insanları təyin edəsiniz”.
0