Vadim Borets: Qızlarım Azərbaycan himnini əzbər bilirlər
04.05.2009 - 23:31
Vadim Borets: Qızlarım Azərbaycan himnini əzbər bilirlər
“Bakı” klubunun moldovalı yarımmüdafiəçisi Vadim Boretsin apasport.az saytına müsahibəsi

- Son turda “Simurq” üzərində qazandığınız qələbə və “İnter”in “Qarabağ”la matçda xal itkisi sayəsində yenidən liderliyə yüksəldiniz. Artıq sizi çempionluq münasibəti ilə təbrik etmək olar?
- Yox, hələ tezdir. Axı çempionat hələ qurtarmayıb. İki tur qaldığı halda, hansı çempionluqdan danışmaq olar? İki oyunu da udaq, bundan sonra çempion olarıq və təbrikləri qəbul edərik.

- Hər halda, son iki turda görüşəcəyiniz “Turan”la “Muğan”ı çətinlik çəkmədən məğlub edə bilərsiniz...
- Biz onları məğlub edə bilərik yox, məğlub etməliyik. Əgər çempion olmaq istəyiriksə, “Turan” və “Muğan”la oyunlarda mütləq qələbə qazanmalıyıq. İndidən deyə bilmərəm ki, biz artıq çempionuq. Bu, yaxşı çıxmaz və ilk növbədə rəqiblərimizə hörmətsizlik olar.

- “Simurq”u son dəqiqələrdə məhz sizin vurduğunuz qolla yendiniz. Özünüzü qəhrəman sayırsınızmı?
- Deməzdim ki, qəhrəmanam. Onu demək istəyirəm ki, futbolçuların hamısı yaxşı oynadı və bütün komanda qəhrəmandır. Sadəcə, vacib qol vurdum. Görüşü isə bütün komanda oynayır, tək Vadim Borets yox. Hesab edirəm ki, bütün komanda qalib gəldi. Qələbə topunu mən da vura bilərdim, Amiran Muciri də və başqası da. Yaxşı oldu ki, belə alındı və qələbə topunu mən vurdum (gülür). Hücuma uğurla qoşuldum və qapının uzaq küncünə dəqiq zərbə vurdum.

- Bunda komanda yoldaşınız Mahmud Qurbanovun da rolu az olmadı. Hər halda, hər şey onun ötürməsindən sonra başlandı...
- Elədir. Ümumiyyətlə, hesab edirəm ki, Mahmud həm yaxşı futbolçu, həm də yaxşı insandır. Yaxşı ki, o, komandamıza keçdi.

- Xatırlayırsınızsa, 2005-ci ilin yayında “Neftçi”yə keçdiyiniz zaman Mahmud Qurbanov artıq bu komandanı tərk etmişdi. Həmin vaxt çoxları belə deyirdi ki, Borets “Neftçi”də oyun qurucusu mövqeyində Mahmudu əvəzləməlidir...
- Yadımdadır. Ancaq mən həmin vaxt Azərbaycana yeni gəlmişdim, Mahmudu tanımırdım. Belə nəsib oldu ki, onunla “Bakı”da komanda yoldaşı olduq. Afərin Mahmuda, onu bəyənirəm.

- “Qəbələ” ilə səfər oyununda da braziliyalı komanda yoldaşınız Batista qələbə topunu məhz sizin hava ötürmənizdən sonra vurdu...
- Başa düşürsünüz, bu il “Bakı”ya çoxlu yeni futbolçular gəldi. Yeni komanda qurulur. “Bakı” tədricən öz oyununu göstərir. Düzdür, hamıda olduğu kimi, bizdə də eniş olur. Ancaq yaxşı oynaya bilərik. İstənilən halda, “Bakı” irəliləyir. Bizim çox yaxşı rəhbərliyimiz, baş məşqçimiz var. Prezidentimiz Hafiz Məmmədov daim bizi dəstəkləyir.

- “Bakı”da bir ilə yaxın oynasanız da, ilk qolunuzu indi vurdunuz...
- Bu müddətdə bir qol vursam da, bu, çox vacib idi. Onu da nəzərə almaq lazımdır ki, 5-6 məhsuldar ötürmə vermişəm. Sadəcə, elə alındı ki, “Bakı”da müxtəlif mövqelərdə oynamalı, meydanda tez-tez yerimi dəyişməli oldum. Ola bilsin ki, qol vurmamağım bununla bağlı idi. Digər tərəfdən, mən həmişə vacib qol vururam. Ola bilsin ki, az qol vurmuşam, amma bunlar həlledici olub.

- Elə bu haqda sizə sual vermək istəyirik. “Neftçi”də oynadığımız zaman vacib qollar vurmusunuz. Misal üçün çempionatda “Xəzər-Lənkəran”a, “Birlik kuboku”nun finalında “Kaunas”la görüşdə dönüş nöqtəsi olan qollar. Yaxud “Neftçi” Çempionlar Liqasında Belçikanın “Anderlext” klubunu məhz sizin vurduğunuz yeganə qolla məğlub etdi. Özü də bu qolların əksəriyyətini Tofiq Bəhramov adına Respublika stadionunda vurmusunuz və həmin görüşlər 1:0 hesabı ilə nəticələnib...
- Bunun təsadüf olub-olmadığını bilmirəm. Sadəcə, belə alınır... Əslində, mən çox qol vurmaq istəyirəm.

- Yarımmüdafiəçi olsanız da, ikinci dövrədə sol cinah müdafiəçisi mövqeyində oynamalı olursunuz. Yəqin ki, bu da oyununuza təsir göstərir və uyğunlaşmaya görə “Neftçi”dəki kimi qol vura bilmirsiniz...
- Ola bilsin. Digər tərəfdən də mən bir az bu mövqedə oynamasam, tam uyğunlaşacağam. Nə vaxt hücuma qoşulmağı, ötürmə etməyi, qol vurmağı komandaya necə fayda verməyi indi daha yaxşı bilirəm. Uyğunlaşma üçün xeyli vaxt getdi. Belə götürəndə indi hər şey normaldır.

- “Qarabağ”ın “İnter”in büdrədəcəyini gözləyirdinizmi?
- Mən buna ümid edirdim. Çünki “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu çox yaxşı tanıyıram. Onun rəhbərliyi altında “Neftçi”də oynamışam. Bundan əlavə, “Qarabağ”da bəzi futbolçular var ki, “Neftçi”də onlarla bir yerdə çıxış etmişəm. Mən yaxşı bilirəm ki, onlar futbol baxımdan amansızdırlar, heç nədən rəqibə güzəştə getməyəcəklər.

- Üç il “Neftçi”də oynasanız da, çempion ola bilmədiniz. Buna görə ötən yay ab-havanı, komandanı dəyişmək, “Bakı”ya çempion olmaq məqsədilə keçdiniz?
- Ümumiyyətlə, bəxtim gətirdi ki, Azərbaycanda bu iki komandaya – “Neftçi” və “Bakı”ya düşdüm. “Neftçi” ilə “Birlik kuboku”nu qazandıq, ölkə prezidentinin qəbulunda olduq. Fikrimcə, bu, hamımız üçün xoş oldu. İndi də “Bakı” ilə çempionluq şansımız var. Nəhayət, Azərbaycan çempionu ola bilərəm. İnşallah, hər şey yaxşı olar. Mükafatlandırmaq haqda danışmaq hələ tezdir. Çünki hələ qarşıda duran vəzifəni yerinə yetirməmişik.

- Moldova mətbuatını izləyirik və şəxsən sizin son turda vacib qol vurmağınıza rast gəlmədik. Ümumiyyətlə, moldovalı həmkarlarımız sizinlə əlaqə saxlayırmı, Azərbaycanda çıxışınızla maraqlanırlarmı?
- Artıq görürəm ki, bu haqda yazıblar. Haqqımda yazılıb-yazılmamağı mənə maraqlı deyil. İstəsələr yazarlar, istəməsələr də yox. Görürsünüz ki, sizinlə normal ünsiyyət qururam və suallarını cavablandırıram. İlk növbədə yaxşı hazırlaşmağa, işləməyə, oynamağa çalışıram.

- Ancaq “Bakı”dakı komanda yoldaşın Aleksey Savinovdan fərqli, sizi Moldova yığmasına çağırmırlar. Bunu nə ilə izah edə bilərsiniz?
- Yığmaya çağırılmamağıma şərh vermək istəmirəm.

- “İnter”dəki həmyerlin İon Testimitsianu da milli komandaya çağırılmır. Onunla Azərbaycanda çempionluq uğrunda rəqibsiniz. Maraqlıdır, Testimitsianu ilə qızıl medallar uğrunda kimin qalib gələcəyi ilə bağlı fikir mübadiləsi aparırsınızmı?
- Hələ yox. Onu yaxşı tanıyıram, dostumdur. İndi biz birbaşa rəqibik və klub rəhbərliyi də iki rəqib komandanın futbolçusunun bir-biri ilə ünsiyyət qurmasını elə də xoşlamır. Digər tərəfdən, nə etmək olar? Biz bir şəhərdənik, bir-birimizi 16 yaşdan tanıyırıq, müxtəlif klublarda bir yerdə oynamışıq. Kimin çempionluğa daha layiq olduğunu mövsümün sonunda görəcəyik. Kim Premyer Liqanı 1-ci yerdə bitirəcəksə, o da buna layiq olacaq.

- Bildiyimə görə, iki qızınız var və onlar Bakıda məktəbdə oxuyurlar. Burada qalmağında da bu amilin də təsiri olub...
- Həqiqətən qızlarım Bakıda təhsil alır. Bura onların xoşuna gəlir. Elə mənim də.

- Qızlarınız Azərbaycan dilini bilir?
- Məktəbdə öyrənilər. Onlar rus dilli məktəbdə oxusalar da, Azərbaycan dilini də öyrənirlər. Əlbəttə ki, qızlarım Azərbaycanca başa düşürlər. Həyətdə uşaqlarla danışırlar. Onların azərbaycanlı dostları var, həyətdə bir-birləri ilə ünsiyyət qururlar. Elə mənim də azərbaycanlı dostlarım var.

- Bəs siz Azərbaycan dilində nə bilirsiniz?
- Bir az bilirəm. Azərbaycan dilini öyrənməyə başlamışam. Dilinizi öyrənmək istəyirəm. Hər halda, ən azı indikindən çox bilmək istəyirəm.

- Onu da bilirəm ki, qızlarınız Azərbaycan himnini bilirlər...
- Tamamilə doğrudur. Onlara himninizi öyrədiblər.

- Gələcəkdə azərbaycanlı ilə qohum olmaq istərdiniz? Yəni, övladlarınızın burada ailə həyatı qurmasına razı olardınızmı?
- Gəlin, gələcəklə bağlı ehtimal etməyək. İndi mənim üçün çempionatı uğurla başa vurmaqdır.

- Bəs futbolçu karyeranızı başa vurduqdan sonra da ölkəmizdə qalıb, Bakıda çalışmaq istərdinizmi?
- Bunu da bilmirəm. Ehtimal etməyəcəyəm. Gəlin hadisələri qabaqlamayaq. Dediyim kimi, Bakı mənim çox xoşuma gəlir. Gələcəkdə nə olacaq, bunu indidən demək çətindir. Həyat elə bir şeydir ki, sabah harada olacağını deyə bilməzsən.
0