“Karvan” Premyer Liqaya, “Qəbələ” avrokuboklara buraxılmaya bilər
05.05.2009 - 09:50
“Karvan” Premyer Liqaya, “Qəbələ” avrokuboklara buraxılmaya bilər
AFFA-nın Lisenziya komissiyası tərəfindən UEFA-nın klub yarışlarında, həmçinin gələn mövsüm Premyer Liqanda iştirak etmək üçün müraciət edən komandaların sənədlərini araşdırıb. Apasport.az saytının məlumatına görə, avrokuboklarda oynamaq hüququna yalnız 7 komanda malikdir. Belə ki, “Bakı”, “İnter”, “Simurq”, “Xəzər-Lənkəran”, “Neftçi”, “Olimpik” və “Qarabağ”a bunun üçün müvafiq lisenziya verilib. “Karvan” və “Qəbələ” isə qitə yarışlarında iştirak etmək hüququ almaq üçün sənəd versə də, bunu qazana bilməyiblər.

Bundan əlavə, komissiya növbəti mövsümdə (2009/2010) ölkə çempionatına qatılmaq üçün də klublara lisenziya verib. UEFA yarışlarında iştirak etmək hüququ olan klublar avtomatik olaraq, Premyer Liqada da iştirak etmək səlahiyyətinə malikdirlər. Onlardan başqa, “Qəbələ” və “Muğan”a da növbəti mövsümdə Premyer Liqada iştirak etmək hüququ verilib.

Digər beş klubun – “Karvan”, “Standard”, “Turan”, “MOİK” və “Bakılı”nın sənədlərində müəyyən çatışmazlıqlar olduğundan, həmin klublara şərti olaraq lisenziya verilib. Bu ilin iyul ayının 31-dək bu klublar sənədlərində olan müvafiq çatışmazlıqları aradan qaldırmasalar, onlara verilən şərti lisenziya ləğv ediləcək.

Mənbə: affa.az
0