“Qarabağ” “Neftçi”ni keçmək, “Bakı” isə yenə finala yüksəlmək istəyir
05.05.2009 - 11:15
“Qarabağ” “Neftçi”ni keçmək, “Bakı” isə yenə finala yüksəlmək istəyir
Sabah Azərbaycan kuboku uğrunda 2008/09 mövsümünün finalçıları bəlli olacaq. Apasport.az saytının məlumatına görə, mayın 23-də Tofiq Bəhramov adına stadionda baş tutacaq həlledici görüşün iştirakçıları əyalətdəki oyunlardan sonra müəyyənləşəcək.

Əslində, “Qəbələ” - “İnter” cütündə hər şey ilk matç tamam olunca bilindi və cavab görüşü formallığa çevrildi. Hər halda, Qəbələnin eyni adlı komandası öz meydanında oynasa belə, rəqibini 6 top fərqi ilə yenəcəyi real deyil. Bu isə o deməkdir ki, qəbələlilər ardıcıl ikinci mövsüm kubokda mübarizəni yarımfinalda dayandıracaq.

“İnter” isə tarixində üçüncü dəfə ölkə kubokunun finalında oynayacaq ki, bunların son ikisi hazırkı baş məşqçi Valentin Xodukinin adı ilə bağlıdır. Ukraynalı mütəxəssis ötən il həlledici qarşılaşmada “Xəzər-Lənkəran”a əlavə vaxtda buraxdığı iki qolla uduzub – 0:2. “Bankirlər” bu ad altında çıxış etdiyi ilk mövsümdəcə, digər ukraynalı mütəxəssis Anatoli Konkovun rəhbərliyi altında finala yüksəlmişdi. Ancaq “Bakı” ilə 2005-ci ildə keçirilən həmin oyunda da komanda əlavə vaxtda qapısından top buraxaraq (1:2) uduzub.

Digər yarımfinal matçının da taleyi böyük ölçüdə həll olunsa da, hər halda, “Qəbələ”dən fərqli, “Bakı”nın finala çıxmaq şansı qalıb. Bunun üçün makedoniyalı Qyoko Hacıyevskinin çalışdırdığı komanda Ağdamda iki top fərqi ilə qalib gəlməlidir. Bu, nə qədər çətin olsa da, hər halda, yerinə yetirilməsi mümkün olan vəzifədir. “Qarabağ” Ağdamda 16 illik fasilədən sonra ilk oyununu Premyer Liqanın son turunda “İnter”lə keçirdi və 1:1 hesabı ilə nəticələn görüşdə rəqibinə çempionluq yolunda böyük zərbə vurdu. “Qarabağ” 5835 gün öncə Ağdamda son oyununu elə ölkə kubokunun yarımfinalına keçirib. Komanda 1993-cü ilin mayın 12-də keçirilən həmin qarşılaşmada Tovuzun “Turan” klubunu 1:0 hesabı ilə məğlub edib.

“Qarabağ” finala çıxacağı halda, “Neftçi” ilə şərikli göstəricisini yaxşılaşdıraraq, yeni rekorda imza atacaq. Belə ki, indiyədək yalnız bu iki komanda ən çox (hərəyə 5 dəfə) finalda oynayıb. “Qarabağ” 1993 və 2006-cı illərdə kuboku qazanıb, 1995, 1998 və 2000-ci illərdə isə həlledici görüşdə uduzub. “Bakı” isə ölkə kubokunda finalında bir dəfə çıxaraq, ilk cəhdindəcə kuboka sahib çıxıb. İstər Hacıyevski, istərsə də onun “Qarabağ”ın sükanı arxasında olan həmkarı Qurban Qurbanov ilk dəfə baş məşqçi kimi Azərbaycan kubokunun finalına çıxacaq.


Azərbaycan kuboku, yarımfinal mərhələsi, cavab oyunları
5 may


16:00. “Qəbələ” – “İnter”

Qəbələ. Şəhər stadionu
İlk oyun – 0:5

16:00. “Qarabağ” – “Bakı”
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
İlk oyun – 2:1
0