Vadim Borets 100-ü haqladı
05.05.2009 - 12:00
Vadim Borets 100-ü haqladı
“Bakı” klubunun moldovalı futbolçusu Vadim Borets Azərbaycanda yubileyini qeyd edib. Apasport.az saytının hesablamalarına görə, 33 yaşlı yarımmüdafiəçi ölkəmizdə 100-cü oyununu keçirib.

Bunlar daxili yarışlara, ölkə çempionatı və kubokuna aiddir. Çempionatda 81 oyuna çıxan Borets kubokda 19 görüşdə iştirak edib. O, yubileyini Premyer Liqanın son turunda “Simurq”la görüşün sonunda (1:0) çempionluq qazandıra bilən vacib qola imza atdı.

Ölkəmizə 2005-ci ilin yayında gələn Vadim “Neftçi”yə keçib və bu komandanın heyətində debütü Çempionlar Liqasına təsadüf edib. Həmin nüfuzlu turnirdə Belçikanın “Anderlext” klubuna penalti zərbəsindən qol vuran Borets Bakıdakı həmin görüşdə (1:0) komandasına qələbə qazandırıb. “Neftçi”nin heyətində əsas heyət oyunçularından olsa da, titul qazana bilmədi. Çünki flaqman həmin üç ildə nə çempionluq, nə də kuboka sahib çıxdı. Hətta Borets Azərbaycan kubokunun finalında da iştirak etməyib ki, indi bu şans ona “Bakı”da düşüb. Ancaq bunun üçün bakılılar sabah Ağdamda “Qarabağ”la cavab görüşündə iki top fərqi ilə qalib gəlməlidir.

Vadim “Neftçi”nin heyətində iki dəfə bürünc (2006 və 2008), bir dəfə gümüş (2007) medal qazanıb. Azərbaycanda indiyə kimi mükafatsız qalmayan Borets bu dəfə də ənənəni davam etdirəcək. Belə ki, sona iki tur qalmış çempionluğa ən real namizəd olan “Bakı” gümüş medalı artıq özü üçün təmin edib. Moldovalı ölkəmizlə bağlı yeganə titulu “Birlik kuboku”na təsadüf edir. “Neftçi”nin heyətində 2006-cı ilə Moskvada keçirilən həmin turnirin qalibi olan Vadim Litvanın “Kaunas” klubu ilə final oyununda (4:2) gözəl qola imza atıb. Borets “Birlik kuboku”nun tarixində üç müxtəlif klubla finalda oynayan yeganə futbolçudur. O, “Neftçi”yə qədər vətənində “Zimbru” və “Şerif” klubları ilə buna nail olub. Vadim elə “Şerif”lə də turnirin qalibi olub. İndiyə kimi Boretsdən başqa heç bir futbolçu “Birlik kuboku”nu iki müxtəlif klubla qazanmayıb.


“Neftçi”
2005/06 mövsümü


Ölkə çempionatı – 20 oyun (3 qol)
Ölkə kuboku – 4
Avrokuboklar (Çempionlar Liqası) – 4 (1)
“Birlik kuboku” – 5 (1)

2006/07 mövsümü

Ölkə çempionatı – 21 (4)
Ölkə kuboku – 7 (1)
Avrokuboklar (UEFA kuboku) – 2

2007/08 mövsümü
Ölkə çempionatı – 20
Ölkə kuboku – 7 (2)

“Bakı”
2008/09 mövsümü


Ölkə çempionatı – 20 (1)
Ölkə kuboku – 1

Cəmi

Ölkə çempionatı – 81 (8)
Ölkə kuboku – 19 (3)
Avrokuboklar – 6 (1)
“Birlik kuboku” – 5 (1)
0