“Qarabağ” canını 7 min manatla qurtardı
05.05.2009 - 12:25
“Qarabağ” canını 7 min manatla qurtardı
Azərbaycan Premyer Liqasının XXIV turunda keçirilən "Qarabağ" - "İnter" matçında baş verənlər meydan sahiblərinin cərimələnməsi ilə nəticələnib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, İntizam Komitəsi matç ərzində və qarşılaşmadan sonra baş verənlərə müvafiq cəza verilməsini məqsədəuyğun sayıb.

Görüşün 35-ci dəqiqəsində meydançaya kənar əşya atıldığı üçün “Qarabağ” 2000 manat cərimə olunub ki, ağdamlılar bununla yaxasını qurtara bilməyib. Belə ki, matçdan sonra arenada yaşananları kütləvi nizam-intizamsızlıq deyil, təhlükəsizliyin təmin olunmamağı kimi dəyərləndirən AFFA ağdamlılara ən yumşaq cəzanı verib.

Xatırladaq ki, oyun başa çatdıqdan sonra azarkeşlər meydana daxil olaraq, hakimlərə fiziki təzyiq göstərmək istəmiş, lakin polis və təhlükəsizlik xidmətinin köməkliyi ilə hakimlər meydandan çıxarılmışdı. Bu hadisə ilə əlaqədar olaraq, stadionda təhlükəsizlik tam təmin olunmadığı qənaətinə gələn komitə meydan sahibi "Qarabağ" klubunu 5000 manat cərimə edib.
0