Lənkəranlı direktor da hakimləri təhqir edib
05.05.2009 - 12:33
Lənkəranlı direktor da hakimləri təhqir edib
Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının xəbərinə görə, “Bakı” klubunun məşqçisi Asif Əliyev 4 oyunluq cəzalandırılıb. Buna səbəb onun Premyer Liqanın son turunda “Simurq”la görüşün 81-ci dəqiqəsində hakimləri təhqir etməsi və nəticədə “texniki zona”dan kənarlaşdırılmasıdır. “Bakı” məşqçinin bu hərəkətinə görə 4000 manat cərimə ödəməli olacaq.

“Xəzər-Lənkəran” isə stadionunun direktoru Höccət Hacıyevə görə eyni məbləğdə xərcə düşüb. Həmin şəxs son turda “Qəbələ” ilə Lənkərandakı oyundan sonra hakimləri təhqir edib. “Xəzər-Lənkəran” daha 2000 manatı həmin oyunda meydana kənar əşya (plastik qab) atıldığına görə ödəməli olacaq.

“Simurq”, “Bakılı”, MOİK futbolçuları nəzərdə tutulduğundan artıq sarı vərəqə aldığı üçün hərəyə 1000 manat məbləğində cərimələnib. “Neftçi” ilə ev oyununda aldığı iki sarı vərəqəyə görə meydandan çıxarılan “Karvan”ın kapitanı İlham Yadullayev bir oyunluq cəzaya və 200 manat cəriməyə məruz qalıb.
0