“Kocaelispor”un baş məşqçisindən səmimi etiraflar
05.05.2009 - 12:40
“Kocaelispor”un baş məşqçisindən səmimi etiraflar
Azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun heyətində yer aldıqları “Kocaelispor” klubunun baş məşqçisi Erhan Altın taleləri ilə barışıb. Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis Superliqada mövsümün sonuna 4 tur qalmasına baxmayaraq, yerlərini qoruyacaqlarına inanmır.

Son turda “Konyaspor”a səfərdə məğlubiyyət (0:2) Altına elə pis təsir edib ki, o, möcüzəyə inanmır və artıq birinci diviziona düşmələri haqda fikirləşməyə başlayıb. Özü də baş məşqçi uğursuz çıxışda futbolçuları qətiyyən günahlandırmır: “Burada günah varsa, o da yalnız məndədir. Futbolçularıma göstərdikləri əməyə görə çox minnətdaram. Onlar və “Kocaelispor” bu liqaya yaraşırdı. Amma təəssüf ki, hər şey buraya qədər imiş. Problem yalnız mənimlə bağlıdır və məsuliyyəti öz üzərimə götürürəm. Üzüntümüz böyükdür. Bundan sonra qalan 4 oyunumuzu bizə yaraşan şəkildə, futbolun gözəlliklərini meydanda göstərərək oynayacağıq”.

Qeyd edək ki, futbolçularımız kimi, Altın da “Kocaelispor”a qış fasiləsində gəlib. 30 oyundan sonra hesabında 26 xal olan komanda turnir cədvəlində 17-ci yerdədir.
0