Telekanallardan Azərbaycan - İspaniya matçına laqeydlik
05.05.2009 - 12:49
Telekanallardan Azərbaycan - İspaniya matçına laqeydlik
AFFA Azərbaycan milli komandasının iyunda Uels və İspaniya yığmalarına qarşı keçirəcəyi matçların teleyayımı üçün tender elan edib. Bu haqda apasport.az saytına assosiasiyanın baş katibi Elxan Məmmədov məlumat verib. Onun bildirdiyinə görə, yerli telekanallar yayım hüququnu əldə etmək üçün maraq göstərmirlər.

“Tender artıq bir həftədir elan olunub. Amma geridə qalan vaxt ərzində heç bir telekanal bizə müraciət etməyib. Teleyayım haqqını kanallar özləri müəyyənləşdirməlidirlər. Bilərəkdən belə etmişik ki, sabah kimsə “AFFA teleyayımı baha satır” deməsin. Qoy, hər telekanal özü qiymətlə bağlı təklifini versin” - deyə Məmmədov vurğulayıb.

İyunun 9-da Avropa çempionu İspaniya ilə yoldaşlıq görüşünə marağın daha böyük olduğunu nəzərə alsaq, telekanalların əsasən bu oyunun yayımını təşkil edəcəkləri ehtimal olunur. Lakin baş katib Uelslə iyunun 6-da keçiriləcək matçın daha vacib əhəmiyyət kəsb etdiyini söyləyib: “Çünki uelslilərlə qarşılaşma dünya çempionatının seçmə oyunudur. Bununla belə, əgər telekanallardan hansısa Uelslə yox, məhz İspaniya ilə qarşılaşmanı yayımlamaq üçün bizə müraciət etsə, cavabımız müsbət olacaq”.

Həm Uels, həm də İspaniya ilə oyunlar Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Britaniyalılarla görüşdə çəkilişi Almaniyanın “Sport Five” şirkəti aparacaq. Bu şirkətin Azərbaycan - Uels matçını təkcə xarici kanallara satmaq ixtiyarı var. Yerli telekanallarla satış məsələsi isə AFFA-nın səlahiyyətindədir.

Qeyd edək ki, yerli telekanallar yığmamızın son oyununa da laqeyd yanaşmışdılar. Martın 28-də Moskvanın “Lujniki” stadionunda Rusiya ilə keçirilmiş dünya çempionatının seçmə mərhələsinin rəsmi matçının ölkəmizdə yayımlanması yalnız oyun günü bilinmişdi.
0