Nadir Qasımovu niyə bəyənmədilər?
05.05.2009 - 17:42
Nadir Qasımovu niyə bəyənmədilər?
“Vladislav Qədirov istefa verəndən sonra baş məşqçi səlahiyyətlərini Nadir Qasımova tapşırmışdıq. Ona minnətdarlığımızı bildirdik və sona iki tur qalmış yollarımızı ayırdıq. Komandanı müvəqqəti olaraq Vladislav Qədirova tapşırmışıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Salyanın “Muğan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.

Onun sözlərinə görə, istefaya göndərdikləri Qasımovun aralarında ciddi problem olmayıb: “Sadəcə, komandanın çıxışı bizi razı salmırdı. Qış fasiləsində Qasımovu klubumuza məsləhətçi kimi dəvət etmişdik. Sonra elə oldu ki, Qədirov ikinci dövrədə ilk iki turdan sonra istefa verdi və Qasımov baş məşqçi səlahiyyətlərini icra etməyə başladı. Onu komandanın çıxışına görə işindən azad etmişik və bizdə məsləhətçi vəzifəsində də qalmayıb”.

Şirəliyev yeni baş məşqçi axtarışında olduqlarını söyləyib: “Biz yeniliklərə getmək istəyirik. Artıq neçə vaxtdır baş məşqçi ilə bağlı araşdırma aparırıq. Çox güman ki yeni baş məşqçimiz əcnəbi olacaq. Ancaq indidən bunu qəti demək olmaz. Məsələnin 50-50-yədir. Yəni bu, yerli mütəxəssis də ola bilər, əcnəbi də. Hələ ki axtarışdayıq və məsələ həll olandan sonra məlumat verəcəyik”.

Qeyd edək ki, Premyer Liqada debüt mövsümünü keçirən “Muğan” 24 oyundan sonra 14 xalla turnir cədvəlində 12-ci yerdə gedir. Ən yaxın izləyicisi “Bakılı”nı 2 xal qabaqlayan salyanlılar güclülər dəstəsində qalmasını hələ rəsmiləşdirməyib.
0