“Muğan” rəhbərliyi əvvəl mənə minnətdarlıq edirdi, sonra isə...”
05.05.2009 - 23:16
“Muğan” rəhbərliyi əvvəl mənə minnətdarlıq edirdi, sonra isə...”
“Muğan” rəhbərliyi həmişə işimdən razı idi, mənə minnətdarlıq edirdilər. Buna görə də baş məşqçi postundan uzaqlaşdırılmağım mənim üçün gözlənilməz oldu”. Bu fikirləri apasport.az saytına açıqlamasında Salyanın “Muğan” klubunun sabiq baş məşqçisi Nadir Qasımov deyib.

Qış fasiləsində komandaya məsləhətçi kimi cəlb olunan və sonradan baş məşqçi təyin edilən mütəxəssisin sözlərinə görə, rəhbərlik onun dövründəki nəticələrdən razı imiş: “Çünki minimum vəzifənin öhdəsindən gəlib 9 xal qazanmışdım. Heç komandadan ayrıla biləcəyimlə bağlı söhbət də yox idi. Məni ofisə çağırıb söhbət etdilər. Dedilər ki, uduzmusansa, komandadan getməlisən. Rəhbərlik belə qənaətə gəlib ki, uğursuz nəticələrə görə baş məşqçi postunda dəyişiklik etmək lazımdır. Mən nə deyə bilərdim ki? Heç mən də istənilmədiyim yerdə zorla qalmaq istəməzdim. Həm də, mən bu komandaya baş məşqçi yox, məsləhətçi kimi getmişdim. Sonra məndən xahiş etmişdilər ki, baş məşqçi təyin olunana qədər bu vəzifəni icra edim”.

Qeyd edək ki, “Muğan” Qasımovun dövründə Premyer Liqada qalmaq uğrunda hər üç rəqibini – “Turan”, “Bakılı” və MOİK-i məğlub edib.
0