Rəşad Sadıqov “Neftçi”yə 100 min dolları necə ödəyib?
06.05.2009 - 09:55
Rəşad Sadıqov “Neftçi”yə 100 min dolları necə ödəyib?
Azərbaycan yığmasının üzvü Rəşad Sadıqovun taleyi türkiyəli futbolçudan asılıdır. Apasport.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçi hazırda formasını geyindiyi “Kocaelispor” klubunda qalıb-qalmamağını komandanın kapitanı Sərdar Torpakdərə ilə müzakirə etmək niyyətindədir.

Türkiyə mətbuatı iddia edir ki, Sadıqov komanda yoldaşları ilə söhbətlərdə İzmitdə xoşbəxt olduğunu və karyerasını burada davam etdirmək fikrində olduğunu deyib. Lakin klub maliyyə sıxıntıları ilə üzləşdiyi üçün futbolçumuz qərar verməkdə çətinlik çəkir. Bu səbəbdən İzmit təmsilçisində ən çox güvəndiyi şəxs olan Sərdarla məsləhətləşəcəyini və kapitanın fikri ilə razılaşacağını bildirib. Bunun üçün isə həmyerlimizlə “Beşiktaş”dakı çıxışı ilə tanınan Toprakdərə arasında görüşün olacağı gözlənilir.

Dövrələrarası fasilədə “Kocaelispor”da baxışda olan, lakin rəhbərliyin diqqətini görməyən Rəşad “Konyaspor”a üz tutanda da Sərdarın sözü ilə geri dönmüşdü. Belə ki, məhz kapitanın sayəsində İzmitdə qərarlaşan Sadıqov Konya təmsilçisi ilə müqaviləyə imza atmaq üzrə olduğu vaxtda fikrindən daşınmışdı. Türkiyə mətbuatının yazdığına inansaq, müdafiəçi sabiq komandası “Neftçi”yə verilən 100 min dollar kompensasiyanı da öz cibindən ödəyib. Maliyyə məsələlərini həmişə arxa planda tutan Rəşad üçün ən önəmlisi komandadakı sakit ab-hava və ona güvənilməyidir ki, bütün bunları da “Kocaelispor”da tapıb.

Qeyd edək ki, Sadıqov cari mövsüm Superliqada 13 oyununda meydana çıxıb və hamısında əvəzlənmədən 90 dəqiqə mübarizə aparıb.
0