FİFA CAR-a yollanacaq hakimləri müəyyənləşdirdi
06.05.2009 - 10:25
FİFA CAR-a yollanacaq hakimləri müəyyənləşdirdi
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) Konfederasiyalar Kubokunda idarəçilik edəcək hakimlərin siyahısını müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, bu il iyunun 14-dən 28-dək Cənubi Afrika Respublikasında (CAR) keçiriləcək 15 oyuna 9 hakim seçilib.

Avropanı ingilis Hovard Uebb, isveçrəli Massimo Buzakka və isveçli Martin Hansson təmsil edəcək. Qalan 6 hakim isə Mettyu Briz (Avstraliya), Kofe Kocia (Benin), Karlos Batres (Qvatemala), Karlos Amarilyo (Paraqvay), Xorxe Larrionda (Uruqvay) və Mişel Esterdir (Yeni Zelandiya). Sonuncu yeganə hakimdir ki, onun ölkəsinin milli komandası turnirdə çıxış edəcək.

Qeyd edək ki, Konfederasiyalar Kubokunda Yeni Zelandiya ilə yanaşı, İtaliya, İspaniya, Braziliya, İraq, Misir ABŞ, habelə meydan sahibləri olan CAR yığması qüvvəsini sınayacaq. Son Avropa çempionları kimi turnirə vəsiqə qazanan ispanlar yarışa Bakıda hazırlaşacaqlar. Visente del Boskenin çalışdırdığı yığma iyunun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda milli komandamızla yoldaşlıq görüşündə üz-üzə gələcək və oyundan sonra CAR-a yollanacaq.
0