Arda Turan striptiz-klubdan qovuldu
06.05.2009 - 12:09
Arda Turan striptiz-klubdan qovuldu
“Qalatasaray” klubunun futbolçusu Arda Turanı qalmaqal addımbaaddım izləyir. Apasport.az saytının məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi bu dəfə Fransanın paytaxtı Parisdə xoşagəlməz anlar yaşayıb.

Cəzalı durumda olduğundan ötən həftə Fransaya istirahətə yollanan Arda Şanzelize Bulvarında yerləşən “Pink Paradise” (“Çəhrayı cənnət”) adlı gecə klubuna gedib. Həmin vaxt giriş haqqı 20 avro olan klubda təsadüfən 23 türkdən ibarət turist qrupu istirahət edirmiş. Bu turistlərdən 5-6-sı “Qalatasaray”ın azarkeşi imiş. Ardanı striptiz-klubda görən fanatların yadına “Cim Bom”un bir gün öncə “Hacettepe”yə 0:2 hesablı məğlubiyyəti düşüb.

Elə bu səbəbdən “Qalatasaray”ın azarkeşləri Turana təzyiq göstərməyə başlayıblar. Onlar “Komandamız ötən gecə ağlasığmaz məğlubiyyətə düçar olub, Superliqada hədəfindən daha da uzaqlaşıb, sən isə gecə klublarında gəzirsən? Əldə olunan uğurları bayram etməyə gəlmisən?” deyə gənc futbolçunu sıxışdırıblar. Arda yerini başqa lojaya dəyişsə, burada da onu rahat buraxmayıblar. Fanatların ardı-arası kəsilməyən təzyiqlərinə dözə bilməyən oyunçu başını götürüb, striptiz-klubdan qaçıb.

Arda Parisdən İstanbula dönəndə daha bir qalmaqal yaşayıb. O, İstanbuldakı hava limanında dostunun ucbatından dava-dalaşın iştirakçısına çevrilib.

Xatırladaq ki, Türkiyə yığmasının da şərəfini qoruyan Turanın başı son bir ayda qalmaqallardan açılmır. “Cim Bom”un futbolçusu aprelin 12-də “Fənərbaxça” ilə derbidə rəqib komandanın üzvü Semih Şəntürklə əlbəyaxaya çıxmışdı. Bundan bir həftə sonra isə “İstanbul BB” klubuna qarşı matçdan sonra istedadlı yarımmüdafiəçi mühafizə xidmətinin əməkdaşları ilə dalaşmışdı. “Fənərbaxça” ilə oyundakı “qəhrəmanlıqlarına” görə Arda 3 oyunluq cəzalandırılıb və bu səbəbdən Türkiyə Superliqasının son 3 turunda oyunlara buraxılmır.
0