Azərbaycan yığması dünyanın 142-ci komandası oldu
06.05.2009 - 12:17
Azərbaycan yığması dünyanın 142-ci komandası oldu
FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ötən ayla müqayisədə daha iki pillə geriləyib. İndi milli komandamız 142-ci yerdədir.

Hesabında 193 xal olan komandamız UEFA-nın reytinq cədvəlində əvvəlki mövqeyində - 48-ci pillədə qalıb. Alman mütəxəssis Berti Foqtsun rəhbərlik etdiyi yığma son reytinq hesablanan müddətdə oyun keçirməyib.

Dünya çempionatının seçmə mərhələsindəki rəqiblərimizdən Almaniya ilə Rusiya yenə ilk “onluq”da qərarlaşıb. Bundestim 1362 xalla 2-ci, rusiyalılar 1117 xalla 9-cu pillədə qalıblar. Mövqeyini qoruyan Finlandiya 591 xalla 51-dir. Milli komandamızın qarşıdakı rəsmi oyunda görüşəcəyi Uels də yerindən tərpənməyib. İyunun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda qonağımız olacaq uelslilər 468 xalla 73-cü pillədə qərarlaşıb. Hesabında 134 xal olan Lixtenşteyn bir pillə geriləyərək, 156-cı yerdədir.

Siyahıya iyunun 9-da Bakıda yoldaşlıq görüşü keçirəcəyimiz son Avropa çempionu İspaniya (1729 xal) başçılıq edir. İlk “üçlüy”ü 1360 xalla Hollandiya millisi qapayır. İyunun 2-də Kayseridə yoldaşlıq görüşündə üz-üzə gələcəyimiz Türkiyə millisi (923 xal) 14-cü pillədə qalıb. Maraqlıdır ki, FİFA-nın bu dəfəki reytinqində ilk 39 pilləni tutan yığmalar yerini dəyişməyib.

Ümumilikdə, 142-ci yer bu il üçün milli komandamızın ən pis göstəricisidir. Azərbaycan Nikaraqua (141-ci yer) və Honq-Konqun (143-cü yer) arasında qalıb. Bizi 140-cı yerdən sıxışdırıb çıxaran isə futbol aləmində tanımayan - Okeaniyada yerləşən və 12336 kv km ərazisi, 215 min əhalisi olan, 83 adadan ibarət Vanuatudur. Foqtsun dövründə ən pis göstərici ötən ilin oktyabrında, 143-cü yer olub.

Azərbaycan yığmasının reytinqə 170-ci pillədən başladığını nəzərə alsaq, bundan pis göstəriciyə imza atıb. Milli komandamız indiyədək 142-ci yerdə yalnız bir dəfə - 1995-ci ildə qərarlaşıb. Maraqlısı odur ki, bu həmin vaxt da may reytinqinə təsadüf edib.
0