Rekordçu “Qarabağ” finalda uğursuz “İnter”ə qarşı
06.05.2009 - 17:08
Rekordçu “Qarabağ” finalda uğursuz “İnter”ə qarşı
Azərbaycan kubokunun yarımfinal mərhələsinin bu gün keçirilən cavab oyunlarından sonra finalçıların adları məlum olub. Apasport.az saytının məlumatına görə, hələ ötən həftə keçirilən ilk matçlardakı qələbələrlə həlledici matça yaxınlaşan “İnter” və “Qarabağ” təkrar qarşılaşmalarda sensasiyaya imkan verməyib.

Tarixində ikinci dəfə öz ev oyununu Quzanlı qəsəbə stadionunda keçirən “Qarabağ” bu arenada ilk qələbəsini qazanıb. İlk oyunda olduğu kimi, yenə “Bakı”nı üstələyən əyalət təmsilçisi əzmkar qələbə ilə finala yüksəlib. Ümumilikdə, 16 ildən sonra Ağdamda qələbə qazanan “Qarabağ” tarixində hamıdan çox, 6-cı dəfə finala yüksəlməklə rekorda imza atıb. Sonuncu dəfə üç il əvvəl həlledici görüşdə oynamaqla, qalib gələn ağdamlıların mayın 23-də keçiriləcək finaldakı rəqibi “İnter” olacaq.

Premyer Liqanın son turunda Quzanlının qonağı olan bakılılar öz meydanında 5:0 hesabı ilə məğlub etdiyi “Qəbələ” ilə görüşüb. Meydan sahibləri iki cavabsız qol vursa da, bu “İnter”in ardıcıl ikinci, ümumilikdə üçüncü dəfə finala çıxmağına əngəl olmayıb. Bakılılar əvvəlki finalların uğursuzu sayılır. Belə ki, onlar hər iki halda – 2005-ci ildə “Bakı”, ötən il isə “Xəzər-Lənkəran”a əlavə vaxtda uduzub. “İnter”in baş məşqçisi Valentin Xodukin də iki dəfə finala komanda çıxaran yeganə əcnəbi məşqçi olacaq.

Qeyd edək ki, üst-üstə 9 dəfə ölkə kubokunun finalına çıxan “İnter”lə “Qarabağ” ilk dəfə həlledici qarşılaşmada bir-biri ilə görüşəcək.

Azərbaycan kuboku, yarımfinal mərhələsi, cavab oyunları

5 may


16:00. “Qəbələ” – “İnter” - 2:0

Qəbələ. Şəhər stadionu
Hakimlər: Əfqan Həmzəyev, Eldar Nağıbəyov, Aydın Ələkbərov, Zöhrab Əliyev
QOLLAR: Kənan Kərimov, 40; Azər Həşimov, 89
İlk oyun – 0:5

16:00. “Qarabağ” – “Bakı” - 2:1
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
Hakimlər: Rövşən Əhmədov, Mehman Mahmudov, Samir Hacıyev, Azad Mütəllimov
QOLLAR: Vaqif Cavadov, 42; Sedat Şaini, 66 - Fernando Peres, 32
35-ci dəqiqədə Artim Şakiri (Qarabağ) penalti zərbəsindən yararlana bilməyib.
İlk oyun – 2:1
0