Azərbaycana gələcək Uels yığmasının heyətində kim yer alacaq?
06.05.2009 - 15:22
Azərbaycana gələcək Uels yığmasının heyətində kim yer alacaq?
Azərbaycanla oyunda Uels yığmasına çağırılacaq futbolçulardan birinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, britaniyalıların baş məşqçisi Con Toşak İngiltərə çempionatının aşağı dəstəsində çıxış edən “Barnli” klubunun oyunçusu Ris Uilyamsa dəvət göndərmək qərarına gəlib.

Mütəxəssisi bu addımı atmağa avstraliyalılar məcbur edib. Belə ki, əslən yaşıl qitədən olan 21 yaşlı müdafiəçinin öz tarixi vətəninin yığmasında da oynamaq variantı var. Hətta Avstraliyanın baş məşqçisi Pim Verbek “Barnli”nin oyununa gələrək, Uilyamsla söhbət də edib. Lakin dünya çempionatının seçmə mərhələsində keçirəcəyi növbəti oyunda Azərbaycanın rəqibi olan Uels yığması Risi bir dəfəlik özünə bağlamaq istəyir.

Düzdür, müdafiəçi bu ölkənin 21 yaşlılardan ibarət komandasında 10 matç keçirib. Lakin bu qarşılaşmaların hamısı yoxlama görüşləri olduğundan avstraliyalı hələ ümidini itirməyib. Bu səbəbdən də Toşak Uilyamsı Estoniya ilə yoldaşlıq, Azərbaycanla seçmə oyununda futbolçunu əsas yığmada oynatmaq iddiasındadır.

Qeyd edək ki, iyunun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmada millimizə rəqib olacaq uelslilər bu sınağa hazırlıq məqsədilə mayın 29-da Estoniya ilə qarşılaşacaq. Con Toşak bu iki matç üçün sərəncamına çağıracağı futbolçuların siyahısını mayın 22-də açıqlayacağını elan edib.
0