Rəşad Sadıqov: “Kocaelispor”qa qalıb-qalmayacağım məndən asılı deyil
06.05.2009 - 16:10
Rəşad Sadıqov: “Kocaelispor”qa qalıb-qalmayacağım məndən asılı deyil
“Etiraf edim ki, “Trabzonspor”la qarşıdakı oyun öncəsi əhval-ruhiyyəmiz son dərəcədə pisdir. Bu da başa düşüləndir. Biz son turda “Konyaspor”la çox vacib görüşdə səviyyəli futbol nümayiş etdirsək də, uduzduq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov deyib.

Bu ildən Superliqa təmsilçisi “Kocaelispor” klubunda oynayan 27 yaşlı müdafiəçi hesabat turundakı məğlubiyyəti bəxtsizliklə əlaqələndirib: “Birinci qolu ilk dəqiqələrdə standard vəziyyətdən buraxdıq. Bundan sonra ardıcıl təhlükəli vəziyyətlər yaratdıq, üç dəfə qapıçı ilə təkbətək mübarizədən istifadə edə bilmədik, bir dəfə isə top qapı tirinə dəydi. Sona 5-6 dəqiqə qalmış isə ikinci qolu buraxdıq və bu da hər şeyi həll etdi. Belə məğlubiyyət bizi çox üzdü. Axı indi bizim üçün hər xal böyük əhəmiyyət kəsb edir. İndi heyfsilənməyin heç bir mənası yoxdur. Komanda uduzubsa, deməli, növbəti oyuna ikiqat güclə hazırlaşmaq lazımdır. Heç kimə sirr deyil ki, Superliqada yerimiz qorumaq bizim üçün möcüzə olacaq. Hamı bunu başa düşsə də, heç kim vaxtından əvvəl əlini yana salmaq istəmir. 3-cü yerdə gedən, çempionluğa iddialı “Trabzonspor”la oyunumuz var”.

Rəşad yeni mövsümlə bağlı planlardan da danışıb: “Heç kim bilmir ki, yeni mövsümdə “Kocaelispor”un taleyi necə olacaq. Yəqin ki, “Trabzonspor”la oyundan sonra klub rəhbərliyi ilə görüşümüz olacaq və orada planlar haqda danışacağıq. İndi klubun bəzi maliyyə problemləri var və buna görə də aparıcı futbolçular İzmiti tərk edəcək. Çox güman əsas diqqəti gənclərə yönəldəcəyik. Məşqçilərimiz cari mövsümün son turunda daha çox perspektivli futbolçulara bel bağlayacaq. Beləliklə, artıq indidən yeni mövsümün komandasının özəyini quracağıq”.

“Kocaelispor”da gələcək taleyini hələ müəyyənləşdirməyən Sadıqovun fikrincə, heç kimlə danışmayıb və bu məsələni ümumiyyətlə, qaldırmayıb: “İlk növbədə mövsümü bitirmək istəyirəm. Çempionatın sonuna hələ 4 tur var. İstirahət müddətində isə gələcək karyeramı ciddi götür-qoy edib, konkret qərarımı qəbul edəcəyəm. “Kocaelispor”qa qalıb-qalmayacağım təkcə məndən asılı olmayacaq. Mövsümün sonunda müqaviləm də bitir. Klubdakı vəziyyət hələ müəyyənləşməyib, bunun aydınlaşdırılmasını gözləmək istəyirəm. Bura mənim çox xoşuma gəlir, bunu gizlətmirəm. Rəhbərliyin, məşqçilərin, futbolçuların münasibəti məni tam qane edir. Ancaq bilmirəm ki, maddi planda vəziyyət necə olacaq. Son dörd ayı ağır şəraitdə oynayırıq”.

Milli komandamızın kapitanı digər klublardan aldığı təkliflər haqda danışmaq istəməyib. İlkin danışıqlar aparan Rəşad istənilən halda, mövsümün sonunu, “Kocaelispor”da problemlərin həllini gözləyəcək. Sadıqov Superliqada son oyunlara üzərində Azərbaycan bayrağının rəngləri olan sarğı ilə çıxmasına aydınlıq gətirib: “Mən bunu sarğını xüsusi sifariş etmişəm və bununla çox fəxr edirəm. Bu, mənə mənəvi cəhətdən özümü vətənə yaxın hiss etməyə, oyun köklənməyə, inam və güc hiss etməyə kömək edir. Artıq burada Türkiyə ilə Azərbaycan yığmasının qarşıdakı yoldaşlıq görüşü haqda danışırlar. Hamı bilir ki, mən yığmamızın kapitanıyam. Buna görə də məndən komandamız, onun cari seçmə mərhələdə çıxışı haqda soruşur, futbolçularımızla maraqlanırlar. Həmçinin azərbaycanlı futbolçulara müəyyən mənada yerli agentlər də maraq göstərir. Hansı futbolçulara daha çox diqqət yetirməyin lazım olması ilə maraqlanırlar”.

İyunun 2-də Kayseridə keçiriləcək Türkiyə - Azərbaycan oyununu skautların izləyəcəyini deyən Rəşad hər şeyin futbolçuların özlərindən asılı olacağını bildirib: “Əgər onlar Türkiyə klublarının nümayəndələrinin gözü qarşısında göstərə bilsələr, onda Superliqaya düşmək üçün yaxşı şansları olacaq. Oyun transfer müddətinin qızğın vaxtına təsadüf edir. Həmin vaxt klubları səviyyəli futbolçular axtaracaq. Bu planda bizim də bəxtimiz gətirdi. Türkiyəli menecerlərlə ümumi söhbətimdə bir neçə ad çəkdim. Ancaq məsələ hələ konkret danışığa gəlib çatmayıb. Fikrimcə, oyuna yaxın maraq daha da arta bilər. Skautlara bəzi azərbaycanlı futbolçunu məsləhət etmək istəyirəm. Yəqin ki, bunlar perspektivli gənc futbolçular olacaq. Onlarının bəzilərinin həqiqətən də yaxşı gələcəyi var. Onların inkişafdan kənarda qalmasını istəməzdim”.

Mənbə: extratime.az
0