Mübariz Mənsimovu güldürən maliyyə maxinasiyaları
06.05.2009 - 23:20
Mübariz Mənsimovu güldürən maliyyə maxinasiyaları
“Xəzər-Lənkəran” klubunun sahibi Mübariz Mənsimov az öncə azarkeşlərin etdiyi müraciətə cavab verib. Apasport.az saytının məlumatına görə, “Palmali” prezidenti son günlər klub rəhbərliyi ilə məşqçiləri istefaya göndərmək kimi tələblərə münasibət bildirib: “Əvvəla, qeyd etmək istəyirəm ki, bu və buna bənzər tələblərlə çıxış edən tərəfdarları mən klubun həqiqi tərəfdarları olaraq görmürəm, onları çoxminli fanatlarımızla rəhbərlik arasına nifaq salan öyrədilmiş insanlar olaraq görürəm. Digər tərəfdən, əgər bu kluba mən və Mənsimovlar ailəsindən daha çox iş görə biləcəklər varsa, biz öz yerimizi tərəddüt etmədən onlara buraxarıq. Çünki, “Xəzər Lənkəran’’a daha çox xidmət edəcək, daha böyük uğrlar yaşadacaq birinin rəhbərlik etməsi mənim üçün böyük bir fəxr və qürur mənbəyi olar. Mənsimovların Xəzər Lənkərandan ayrılması qərarını da mən əziz tərəfdarlarımıza buraxıram”.

Mənsomov klubda maliyyə maxinasiyalarının olmadığını da bildirib: “Bu fikirlər mənə o qədər gülünc gəlir ki, ona toxunmaya da bilərdim. Amma burada hədəf olaraq, klub rəhbərliyi göstərildiyi üçün klubun qurucusu və fəxri prezidenti kimi buna da cavab vermək istərdim. “Palmali’’ Şirkətlər qrupunda, onun çoxsaylı strukturlarında maliyyə maxinasiyaları haqda söz-söhbətləri əsassız sayır, onların iftira kompaniyasının bir hissəsi olduğuna inanıram. Hələ mənim təyin etdiyim klub rəhbərliyinin maliyyə fırıldağına qarışdığının məntiqsiz və cəfəngiyyat olduğunu düşünməmək mümkün deyil. Xatırladım ki, rəhbərlikdə fanatlıqdan gəlmiş insanlar da var. Bir sözlə, mən çalışdığım insanları özüm seçirəm və onların bütün fərdlərinə inancım sonsuzdur”.

Fəxri prezident sonda yaşadığı Türkiyə futbolundan da misal gətirib: “Futbol bir oyundur, onun gözəlliyi bəzən də nəticənin gözlənilməz olmasındadır. Təbii ki, bizim kimi böyük bir klubun hədəfi də hər zaman böyük olmalıdır. Lakin bəzən müxtəlif səbəblər üzündən müəyyən sapmalar olur. Rəhbərliyin vəzifəsi olaylara anında müdaxilə edib, doğru qərarlar verməsidir. Bu gün bizim çempionatda baş verənlərin bənzəri Türkiyədə görünür. Ölkənin 2 ən köklü və ən güclü klubu – “Qalatasaray” və “Fənərbaxça” çempionluq yarışından çıxıblar. Bu iki klubun büdcəsi bütün türk liqasının büdcəsindən çoxdur. Amma Türkiyədə tərəfdar hamını birdən istefaya çağırmır, ləkə yaxmır, iftira atmır. Sadəcə, konstruktiv təklifi varsa, onu irəli sürür”.
0