Hiddink: Bu, tarıma çəkilmiş əsəblərin partlamağı idi
07.05.2009 - 09:34
Hiddink: Bu, tarıma çəkilmiş əsəblərin partlamağı idi
“Məşqçilər də səhv edir, futbolçular da, elə hakimlər də. Bu oyunda hakim bizim xeyrimizə olan 4 penaltini vermədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Qus Hiddink deyib.

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında “Barselona” (İspaniya) ilə heç-heçə (1:1) etməklə mübarizəni dayandıran londonluların çalışdırıcısı yetirmələrinin müdafiəsinə qalxıb. O, görüşdən sonra özündən çıxan futbolçularının hərəkətlərini norveçli hakim Tom Heninq Evrebenin 90 dəqiqə ərzindəki hoqqaları ilə bağlayıb: “Mən oyunçularımın məyusluğunu başa düşürəm. Və onların final fitindən sonra emosiyalarını çıxarmağını müdafiə edəcəyəm. Bu, tarıma çəkilmiş əsəblərin partlamağı idi. Emosiyalar soyumamış matçı təhlil etmək çətindir. Əlimizə düşən qol imkanlarından iki və ya üçünü qola çevirə bilərdik və bunu etməli idik də. Elə penaltilərin verilməməyi də kiçik bir ədalətsizlik idi. Amma həlledici zərbəni ikinci hissədə elə biz özümüz vurmalı idik”.