Onların yuxusu çin çıxdı
07.05.2009 - 09:55
Onların yuxusu çin çıxdı
“Londona qələbə dalınca gəlmişdik. Fikrimcə, biz oyunda təşəbbüsə malik idik. Topla daha çox davranırdıq, rəqib qapısı önündə təhlükəli vəziyyət yaradırdıq. Açığı, “Çelsi”nin daha çox hücum edəcəyini gözləyirdim”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Barselona” klubunun baş məşqçisi Xosep Qvardiolaya məxsusdur.

O bildirib ki, futbolçularının hamısı yuxuda özlərini finalda görürlərmiş. Qvardiola onlara bu imkanı yaradan, “Çelsi” ilə səfər matçının son dəqiqələrində qələbə topunu vuran Andeas İnyestaya görə sevinir: “Əla futbolçudur. Komandamızı həmişə, hər yerdə layiqli təmsil edir. Andreası həmişə az məhsuldarlığa görə tənqid edirlər. Ancaq ümid edirəm ki, bu, daha baş verməyəcək. Həmişə öz komandama inanmışam. Son 25 dəqiqədə azlıqda oynasaq da, əlimizi yana salmadıq”.

Qvardiola mayın 27-də İtaliyanın paytaxtı Romada “Olimpiya” stadionunda final oyununda görüşəcəkləri “Mançester Yunayted”i güclü rəqib sayır: “Bu komanda Çempionlar Liqasının hazırkı qalibidir. Finaldakı rəqibimiz əla komandadır. “Mançester Yunayted”ə gözəl məşqçi rəhbərlik edir. Əminəm ki, finalda əla oyun alınacaq. Axı hər iki komandanın heyətində fantastik futbolçular var. Onlar hücum futbolunu təbliğ edirlər. Əlbəttə ki, cari mövsümdə işlərimizin necə getməsindən çox razıyam. Etiraf edim ki, belə nəticə göstərəcəyimizi gözləmirdim”.