“Azərbaycanla bağlı casusluq etmək fikrində deyiləm”
07.05.2009 - 21:08
“Azərbaycanla bağlı casusluq etmək fikrində deyiləm”
“Son vaxtlar xeyli təklif almışam. Bunların arasında Türkiyədən olanlar da var, ölkə xaricindən də. Ancaq çox güman ki, vətənimdə qalacam”. Apasport.az saytının məlumatına görə, bu sözləri türkiyəli məşqçi Rasim Karaya məxsusdur.

Ölkəmizdə “Xəzər-Lənkəran” və “Qarabağ” klublarında da çalışmış mütəxəssis bildirib ki, hələlik xaricdən gələn təkliflərlə bağlı danışıq aparmayıb. Amma onların şərtləri cəlbedici olsa Kara yenidən ölkə xaricinə üz tutacaq: “Əsas odur ki, işləmək üçün normal şərait olsun. Danışıq apardığım klublar mövsümün başa çatmasını gözləmədən müqavilə imzalamaq istəyir. Amma qərar verməyə tələsmirəm. Onların Superliqada mübarizəni başa çatdırmalarını gözləyirəm".

O, iyunda baş tutacaq Türkiyə - Azərbaycan görüşünə də toxunub: "Bu oyuna böyük maraq hiss olunmur. Çünki hamını Superliqa düşündürür. Eyni zamanda unutmamalıyıq ki, bu, sadəcə yoxlama oyunudur. Dünya çempionatının seçmə mərhələsinin son oyunlarında biz İspaniyaya yenilərək, finala getmək şanslarımızı çətinə salmışıq. Əlbətdə Azərbaycanla oyun millimizdə ab-havanı yaxşılaşdıra bilər. Hələ vaxt var. Çempionat başa çatandan sonra bütün diqqət bu oyuna yönələcək".

Türkiyəli mütəxəssis millimiz barədə Fatih Terimə məlumat verəcək: "Hələ ki, Fatih Terim məndən Azərbaycan yığmasıyla bağlı məlumat almayıb. Amma planlaşdırmışıq, yaxın günlərdə görüşüb, danışacağıq. Ümumi söhbət zamanı yəqin Azərbaycanla bağlı da danışarıq. Yox, bu cəsusluq olmayacaq. Sadəcə, gördüklərimlə bağlı fikirlərimi bildirəcəm".

mənbə: extratime.az
0