AFFA yığma üzvlərini mükafatlandırdı
09.05.2009 - 10:18
AFFA yığma üzvlərini mükafatlandırdı
AFFA-nın inzibati binasında futzal üzrə milli komandanın üzvləri ilə görüş keçirilib. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, tədbir yığmamızın Avropa çempionatının seçmə mərhələsinin elit raundunun Portuqaliyada keçirilən qrup oyunlarında yüksək səviyyədə çıxış edərək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmağına həsr olunub.

Görüşdə çıxış edən baş katib Elxan Məmmədov millinin bu uğurunun Azərbaycan futzalının tarixində xüsusi yer tutduğunu və bu idman növünün ölkəmizdə inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Milli komandamızı qazanılan müvəffəqiyyətlə bağlı bir daha təbrik edən Məmmədov Avropa çempionatında futzalçılarımıza qələbə sevinci arzulayıb. Görüşün sonunda millinin üzvləri mükafatlandırılıb.

Qeyd edək ki, elit raundda Azərbaycan millisi Portuqaliya yığması ilə heç-heçə etmiş (3:3), Polşa və Finlandiya yığmalarına isə qalib gəlmişdi – müvafiq olaraq 4:3 və 5:1.
Futzal üzrə Avropa çempionatı 2010-cu ildə Macarıstanda keçiriləcək.
0