Fabio Luis Ramim: ...Foqts məni yığmaya çağırmaz - MÜSAHİBƏ
09.05.2009 - 10:37
Fabio Luis Ramim: ...Foqts məni yığmaya çağırmaz - MÜSAHİBƏ
Azərbaycan yığmasının və “Bakı” klubunun futbolçusu Fabio Luis Ramimin müsahibəsi

- "Olimpik" və "Xəzər-Lənkəran"a uduzandan sonra komandanızın geriyə yolu qalmamışdı. "Simurq"la heç-heçədən qaçmaq üçün son dəqiqələri gözləmək lazım gəldi. Qələbədən əlinizi üzmüşdünüz?
- "Simurq" 90 dəqiqə əsəblərimizlə oynadı. 11 nəfərlə arxaya çəkilmişdilər. Qapıya yaxınlaşmaq olmurdu, üçqat müdafiə xətti qurmuşdular. Gördünüz ki, oyun əvvəldən-axıra üstünlüyümüz şəraitində keçdi. İlk hissədə iki epizod oldu ki, hesabı açaq. Bəxt də "Simurq"un tərəfində idi. Qapıya gedən top son anda bizim futbolçuya dəyib, istiqamətini dəyişdi. Amma mən qələbə qazanacağımızı gözləyirdim. Son dəqiqələrdə çox əsəbi idik. "Simurq"un fikrindən yalnız heç-heçə keçirdi, vaxt öldürür, topu hara gəldi vururdular. Neçə dəfə futbolçuları meydanda yıxılıb qaldı. Xal itirsəydik... O anda hansı hala düşəcəyimizi göz önünə gətirirəm... Yox, ola bilməzdi!

- Qolu qonaqların qapısından son saniyələrdə keçirdiniz...
- Vadim Borets səviyyəli futbolçudur. Əla mövqe seçməsəydi, o qolu da vurmayacaqdıq. Birinci dövrədə "Simurq"a necə uduzmuşduq, yadımdadır. Təmiz qolumuzu saymadılar. Siz deyin, bu dəfə biz udmasaydıq, haqsızlıq olmazdı? Olardı. "Simurq"a 1 xal da bəs edirdi. Qələbə qazanmasaydıq, "İnter" artıq çempion idi.

- Son vaxtlar komandanız yaxşı təsir bağışlamırdı. Lənkəranda uduzduz, Qəbələdə 3 xalı zorla qazandınız. Bunun səbəbi nə idi?
- İkinci dövrəyə yaxşı başlamışdıq, hər şey "Olimpik"lə oyundan sonra çevrildi. Hesabda önə çıxsaq da, "Olimpik" "Fair-Play" qaydalarını pozub, bərabərlik qolunu vurdu. Hamımız şokda idik: məşqçilər də, futbolçular da. Junivan Suaresin qolu bizi o dərəcədə şoka saldı ki, qalan vaxt ərzində meydanda necə oynadığımızı, özümüz də dərk etmədik. Bütün uşaqlar fikirli idi, psixoloji cəhətdən "sınmışdılar". Necə desəniz, sübut etməyə hazıram, komandamızda başqa problem yoxdur. Nə baş məşqçiylə futbolçular arasında, nə də öz daxilimizdə. Münasibətlərimiz superdir! "Olimpik"ə oyunla məğlub olsaydıq, bizi yandırmazdı. Fikirləşərdik ki, bizdən güclüdürlər. Oyunun son dəqiqəsində vurduğum cərimə zərbəsini Rauf Mehdiyevin qapıdan çıxarması lap möcüzə oldu. Top lap "doqquzluğ"a gedirdi. Həmin oyundan sonra komandamızda ruh düşkünlüyü yarandı. Lənkəranda da ilk 10 dəqiqədə üstün idik. İki-üç imkanımız oldu. Sonra oyun itdi, "Xəzər" 3 qol vurdu. Nə mən, nə də komanda yoldaşlarımın oyunu alındı. Qəbələdə isə... Meydanı görmüsünüz, yəqin. Palçığın içində sadəcə, döyüş gedirdi. "Qəbələ" də uda bilərdi, biz də. Digərlərimiz qol epizodlarını qaçırsa da, Batista fərqləndi.

- "Olimpik"lə matçdan sonra keçmiş komandanızın oyunçuları ilə görüşdünüz?
- Şokda idim, paltardəyişmə otağına necə getdiyimi heç xatırlamıram. O anda heç kim yadıma düşmürdü. "Olimpik" düzgün hərəkət etməmişdi. Biz onlara pislik etməmişdik. Junivan zədələnəndə topu kənara çıxardıq, onlar isə qapımıza qol vurdu. Özləri şərait yaratmalı idi ki, biz də qol vuraq.

- Əsgər Abdullayevlə üzbəüz gəlsəydiniz, ona nə deyərdiniz?
- Həmin oyundan sonra onu görməmişəm. Oyun qurtardı, stadionda çox qalmadıq, çıxıb getdik. Əlbəttə, öz narazılığımı bildirərdim. Futbolda belə şeylər pis qarşılanır. Amma Əsgər Abdullayevlə aram korlanmayıb. O, mənim baş məşqçim olub, dostumdur.

- Çempionluq çox yaxındadır?
- İki həftədən sonra biləcəyik. Tovuzda "Turan"ın müqavimətini qırmaq çətin olacaq. "Turan" ikinci dövrədə çox güclənib. Heç bir güclü komanda Tovuzdan asanlıqla xal aparmayıb. "Qarabağ"ın "İnter"dən xal almasına qətiyyən təəccüblənmədim. Onlarla oynadığımız üçün bilirdim ki, döyüşkən komandadır, meydanın hər qarışı uğrunda mübarizə aparır. Fiziki cəhətdən çox güclüdürlər. Çempionatda belə komandalar azdır. "İnter" Ağdamda iki xal itirəndən sonra qazandığımız liderliyi itirə bilmərik. "Turan"dan sonra "Muğan"ı öz meydanımızda məğlub etməliyik.

- Keçən mövsüm də "Olimpik"lə çempionluğa çox yaxın idiz. Amma son turda gözlənilməz məğlubiyyət aldınız. Tarixin təkrarlanmasından ehtiyatlanmırsız ki?
- 2005-ci ildən Azərbaycandayam. "MKT-Araz" və "Olimpik"də çempionluq uğrunda mübarizə aparsaq da, "Bakı"dakı kimi buna yaxın olmamışam. Bu, üçüncü cəhdimdir. İndi əlimizə düşən şansı qaçırmamalıyıq. Bunu heç vaxt özümə bağışlamaram.

- KİV-də yayılan bəzi xəbərlərə görə, "Bakı"da son vaxtlar maaş və mükafatlarınızı almırsınız. Sizdə də problem var?
- Vaxtında maaşlarımızı alırıq. Hər oyundan sonra da mükafatları verirlər. Gecikmə də olmur. Pul sarıdan "Bakı" stabildir.

- Klubla müqaviləni uzadacaqsınız?
- Hələ 1 ilim var. Gələn mövsüm də burdayam.

- Bəzi mütəxəssislər iddia edir ki, Fabio milliyə daha çox can yandırır, nəinki "Bakı"ya.
- Millidə də ürəklə oynayıram, "Bakı"da da. Yorulsam da, bacardığımı edirəm. Qyoko Hacıyevski elə məşqçidir ki, ürəksiz oynadığımı görsə, meydana buraxmaz. Mən isə hər dəfə əsas heyətdə çıxıram. Komandada xeyli futbolçu var, hamısı oynamaq istəyir. "Bakı"da zəif oynasam, Berti Foqts da məni milliyə çağırmaz.
0