Hafiz Məmmədovdan maraqlı açıqlamalar: “İnter” çempion olsa...
09.05.2009 - 10:50
Hafiz Məmmədovdan maraqlı açıqlamalar: “İnter” çempion olsa...
"Bazasız klub qanadsız quş kimidir. Əgər bir komandanın öz bazası, stadionu yoxdursa, gələcəyi də olmayacaq. Belə vəziyyətdə inkişaf getməz". Apasport.az saytının məlumatına görə, bu sözləri "Bakı" klubunun prezidenti Hafiz Məmmədov deyib. Onun sözlərinə görə, "Delfin" otelinin ərazisində tikintisinə başlanan 2 meydança tezliklə futbolçuların ixtiyarına veriləcək.

Biri təbii, digəri süni örtüklü olan qazon ən son beynəlxalq standartlara cavab verir. Hər iki meydança tribunalarla əhatə olunub. "Bakı"lılar otelin özündən də baza kimi istifadə edəcək: "Kluba infrastruktur yaratmaq 1-2 ilin işi deyil. Bunun üçün hərtərəfli plan qurmaq və sistemli iş görülməlidir. Biz artıq bu mərhələni geridə qoymaq üzrəyik. "Bakı" indi bir avtobusdan ibarət komanda deyil. "Delfin"dəki hazırlıq prosesi başa çatandan sonra komandanın yükü çox azalacaq. Öz məşq meydançamız olmadığı üçün indinin özündə də əziyyət çəkirik. Futbolçular hər dəfə bir yerdə məşq keçir. Komanda yalnız təlim-məşq toplanışı zamanı bir yerə yığışır. Mən isə istəyirəm ki, onlar hər gün bir yerdə olsunlar, istənilən qədər məşq keçsinlər. Kollektiv bir-birinə uyğunlaşmalıdır. Baza istifadəyə veriləndən sonra xərclərimiz də azalacaq”.

Bu yaxınlarda Lənkəranda olan Məmmədov “Xəzər-Lənkəran” üçün yaradılan şəraiti bəyənib: “Dostum Mübariz Mənsimovun klub üçün gördüyü işlərlə yerində tanış oldum. "Xəzər-Lənkəran"ın stadionu, bazası, infrastrukturu çox xoşuma gəldi. Lənkəranda əsl futbol atmosferi yaradıb. Baxırsan, adamın xoşu gəlir. "Bakı"nın da öz yolu var. Dediyimiz şərait olmasa, köklü kluba da çevrilə bilmərik. Xərclənən pulların mənasının itməməyi üçün tikib-qurmalıyıq. Bir iş adamı kimi bizim borcumuzdur ki, futbolun inkişafına xidmət edək. Avropada futbol infrastrukturu düzgün qurulduğu üçün inkişafdadır. Böyük klubların təcrübəsindən yararlanırıq".

"Bakı"nın prezidenti Qaraçuxurda tikmək istədikləri stadion barədə də məlumat verdi. Hafiz bəy bildirdi ki, "Qum Adası" adlandırılan sahənin uzunmüddətli icarəyə götürülməsi ilə bağlı sənədləşmə işləri başa çatıb. Layihənin gerçəkləşdirilməsi üçün müəyyən smeta da tutulub. Yaxınlarda tikintiyə başlanılması nəzərdə tutulub ki, bu, həm də bəzi prosedur qaydalarının tətbiqindən asılıdır: "Bizim "Bakılı" ilə də danışıqlarımız olub. Klubun prezidenti Misir Əbilovla görüşmüşəm. 8-ci kilometrdə yerləşən stadionun tikilib başa çatdırılması üçün kömək etməyimizi istəyirlər. Stadionun vəziyyəti ilə tanış olmuşuq, bir çox variantları müzakirə etmişik. Həmin idman qurğusundan hər iki klubun istifadə etməsi bu variantlardan biridir. Hələ yekun qərar verilməyib. Danışıqların başa çatmasına az qalıb".

Hafiz bəy "Bakı"nın çempionatdakı şanslarını da dəyərləndirib. "Simurq"la matçı Tofiq Bəhramov adına Respublika stadionunda canlı izləyən prezident, son dəqiqələrdə qazanılan qələbədən məmnundur. O, "Qarabağ"ın "İnter"lə heç-heçəsini təmiz oyunun təntənəsi hesab edir: "Bakı" artıq gümüş medalı özünə təmin edib. Kimin çempion olub-olmamağı ciddi əhəmiyyət daşımır. Ağdamdakı oyun çox maraqlı idi. "İnter" çempion olacaqsa, bizim üçün heç nə dəyişmir. Əsas Avropadır. Ölkəmizi orada layiqincə təmsil etməliyik. Avropaya hansı klub vəsiqə qazanacaqsa, mən indidən onlara uğurlar arzulayıram".

Qeyd edək ki, 2004-cü ilin yayından “Bakı” klubuna rəhbərlik edən Məmmədovun prezidentliyi dövründə komanda iki titul qazanıb. Bakılılar 2005-ci ildə Azərbaycan kuboku, 2006-cı ildə ölkə çempionu adını əldə edib.

Mənbə: “Futbol+qol” qəzeti
0