Əsgər Abdullayev: Maliyyə böhranı bizim komandaya da təsir edib
09.05.2009 - 11:20
Əsgər Abdullayev: Maliyyə böhranı bizim komandaya da təsir edib
Bakının “Olimpik” klubu ötən ilin dekabr ayından bəri komanda üzvlərinin əmək haqlarını ödəyə bilmir. Apasport.az saytının məlumatına görə, bu səbəbdən başda Əsgər Abdullayev olmaqla, heç kim paytaxt komandasında qalmaq istəmir. Üç mövsümdür “Olimpik”ə rəhbərlik edən 49 yaşlı mütəxəssis rəhbərliyin irəli sürdüyü yeni müqavilə təklifi ilə də razılaşmayıb. Ötən çempionatın gümüş mükafatçısı qarşıdakı birincilikdə iddiasız olmaq təhlükəsi ilə üz-üzədir.

Sponsorlar pul xərcləməyəcəksə, demək, "Olimpik" gənclərin ümidinə qalacaq. Onlar isə Abdullayevi hədəfinə çatdıra bilməz. Daxildəki gərginlik son həddə çatıb. İki-üç dəfə oyunları boykot etmək qərarına gələn futbolçuları Abdullayev son anda sakitləşdirə bilib. Artıq onun da əli heç yerə çatmır. Hətta bəzi yerli və legioner oyunçular yaranmış vəziyyətdən UEFA-ya şikayət etməyə hazırlaşır. Dörd ayın əməkhaqqısı tələb olunur ki, klub müqavilə üzrə öhdəsinə düşəni eləməsə cəzalanacaq.

Komandanın baş məşqçisi maliyyə problemlərinin ciddiliyini danmır. Lakin Abdullayev uğursuz mövsümün səbəblərini heç də maddi sıxıntılarla bağlamır: "Dünyada baş verən maliyyə böhranı istənilən futbol klubuna da təsirsiz ötüşmür. Biz də bu sıradayıq. Ancaq nəzərə almaq lazımdır ki, hazırda komanda üçün yüksək səviyyəli baza tikilir. Rəhbərliklə bu barədə söhbətimiz olub. Şüvəlanda tikilən bu bazanın stadionu plana uyğun inşa edilərsə, növbəti mövsümün 2-ci dövrəsinin ev oyunlarını həmin meydanda keçirəcəyik. Heç bir klubun boynuna biçilməyib ki, daim medalçılar sırasında olacaq. Əlbəttə, cari mövsümü komandamın passivinə yazmalıyam. Həm ölkə kuboku uğrunda yarışdan, həm də medallar uğrunda mübarizədən kənarda qalmışıq. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri oldu. Hər halda indidən növbəti mövsümün planlarını cızıram. Azərbaycanda müqavilələr adətən 1 illik bağlanır. Bu səbəbdən də mövsümün sonunda futbolçular azad agent statusu alırlar. Kiminlə isə vidalaşmağı düşünmürəm. Sadəcə, elə oyunçular ola bilər ki, başqa klubların formasını geyinmək istəsinlər. Belədə kimisə zorla saxlamayacağıq. Mövsüm başa çatandan sonra hər bir oyunçu ilə fərdi qaydada söhbətlərimiz olacaq. Qış transfer pəncərəsi zamanı heyəti lazımınca komplektləşdirə bilmədik. Yalnız Aleksandr Qoqoberişvili ilə müqavilə imzaladıq. Ancaq bizim hücumçuya da ehtiyacımız var idi. Mən heç də ixtiyarımda olan forvardların zəifliyini qabartmaq istəmirəm. Ancaq fakt faktlığında qalır ki, komandamız iddialı klublarla nisbətdə daha az fərqlənib və deməli, hücum xəttində problemlərimiz mövcuddur. Ümumiyyətlə, transfer çalışmalarını mövsüm boyu həyata keçirmək lazımdır. Qalan 2 turda "Olimpik" vuruşacaq. Hansısa oyuna biganə münasibət bəsləyə bilmərik. Bir qədər mövzudan uzaqlaşıb bir misal çəkmək istəyirəm. "Olimpik" hansısa iddialı komandanı məğlub edəndə, deyirlər kimsə mükafat qoyub, hansısa komandaya uduzanda, deyirlər oyunu satmışıq. Qardaş, biz bəyəm bütün oyunlarımızı heç-heçə başa vurmalıyıq? Hər oyuna qələbə əzmi ilə çıxmışıq və qalan oyunlarımızda da belə olacaq".

Abdullayev etiraf etməsə də, onun klubun heç də bütün rəsmiləri ilə münasibətləri yaxşı deyil. Qışda baş məşqçinin istədiyi bəzi futbolçular alınmadıqdan sonra aradakı narazılıqlar yeni mərhələyə qədəm qoyub. Legionerlərin kirayə qaldığı evin sahibləri klubun ofisinə gedib. Onlar neçə aydır ev pullarını ala bilmədiklərini və buna görə əcnəbi futbolçuları həmin yerdən çıxaracaqlarını bildiriblər.
0