Araqones “Fənərbaxça”dan qovulur
14.05.2009 - 18:10
Araqones “Fənərbaxça”dan qovulur
“Fənərbaxça” rəhbərliyi baş məşqçi Luis Araqoneslə müqaviləni pozmağa qərar verib. Apasport.az saytının məlumatına görə, buna səbəb 70 yaşlı ispan mütəxəssisin dövründə komandanın həm Türkiyə Superliqasında, həm də Çempionlar Liqasında (ÇL) uğursuz çıxışıdır.

Rəhbərliyin səbir kasası ölkə kubokunun finalında “Beşiktaş”a 2:4 hesablı məğlubiyyətdən sonra daşıb. Düzdür, onlar Araqonesin istefaya göndərilməsi ilə bağlı informasiyaya münasibət bildirməyiblər. Ancaq klubun rəsmi saytında baş məşqçinin bağışlanmamağı sərlövhəsi ilə xəbər dərc olunub. Orada göstərilib ki, “Fənərbaxça” ötən yay İspaniya yığmasını Avropa çempionu edən təcrübəli mütəxəssisin dövründə ən pis göstəriciyə imza atıb.

Belə ki, komanda 2002-ci ildən bu yana ən pis nəticəsini göstərib. Məlumatda bildirilir ki, “Fənərbaxça” cari mövsümdə Araqonesin rəhbərliyi altında keçirdiyi 50 oyunun yalnız 26-da qələbə qazanıb. Həmçinin göstərilib ki, rəhbərlik Araqonesin vəkillərini təcili olaraq görüşə çağırıb. Məhz orada müqavilənin pozulması, təzminat məsələsi müzakirə olunacaq.

Qeyd edək ki, Araqones ötən yay İspaniya yığması Avropa çempionu edəndən sonra “Fənərbaxça”nın baş məşqçi postuna keçdi. Onun dövründə ÇL-də qrupda sonuncu yeri tutan komanda Superliqada 5-ci yerdə gedir.
0