“Neftçi” üçün ən yeni tarix: Bizə qələbə yox, 2 qol lazımdır!
15.05.2009 - 12:30
“Neftçi” üçün ən yeni tarix: Bizə qələbə yox, 2 qol lazımdır!
Azərbaycan Premyer Liqasının XXVI turu Bakının “Neftçi” klubu üçün əlamətdar ola bilər. Apasport.az saytının hesablamalarına görə, paytaxt təmsilçisi tarixinin ən uğursuz mövsümlərindən birini major notda bitirmək üçün “Olimpik”in qapısına iki qol vurmalıdır.

Bu qollar tarixi əhəmiyyət kəsb etdiyindən, heç bir komanda üçün ciddi önəmi olmayan görüşə rəng qata bilər. Belə ki, mayın 17-də “Neftçi”nin vuracağı ikinci qol komandanın Premyer Liqada 900-cü qolu olacaq. Azərbaycan çempionatları tarixində hamıdan çox – 898 dəfə rəqib qapısına yol tapan flaqman 9-cu “yüzlüy”ü tamamlayan ilk komanda olacaq.

İndiyədək güclülər dəstəsində 458 qarşılaşmaya çıxan “Neftçi”nin ən yaxın izləyiciləri – bakılılar kimi bütün çempionatlarda iştirak edən “Qarabağ” və “Turan” hələ heç 700-cü qolunu da vurmayıb.

“Neftçi”nin Azərbaycan çempionatları tarixində ilk qolunu hazırda “Karvan”ı çalışdıran Yunis Hüseynov vurub. O, Sumqayıtın “Xəzər” klubu ilə görüşdə hazırda Hakim-İnspektorlar Komitəsinin sədri olan Gülağa Cabbarovun təyin etdiyi penaltidən istifadə etməklə buna nail olub.