Dünyanın ən yaxşı futbolçusunu Bakıya kim gətirir?
15.05.2009 - 15:24
Dünyanın ən yaxşı futbolçusunu Bakıya kim gətirir?
İyunun 9-da Bakıda keçiriləcək yoldaşlıq oyununda Azərbaycanla qarşılaşacaq İspaniya yığmasının baş məşqçisi Visente del Boske dünyanın ən yaxşı futbolçusunu seçib. Apasport.az saytının məlumatına görə, ölkəmizin qonağı olacaq mütəxəssis Kriştianu Ronaldonun planetin ən yaxşısı olması ilə razılaşmır.

Del Boske ötən il İspaniya yığmasının heyətində Avropa çempionu olan, “Valensiya” klubunun əsas qol ümidi David Vilyadan daha çox razıdır: “Kaka, Kriştianu Ronaldo yoxsa Vilya? Təbii ki, onların hər biri yaxşı futbolçudur. Lakin mən Davidə üstünlük verirəm. Ümumiyyətlə, İspaniya yığmasının heyətində bir dəstə fantastik ifaçılar var. Sərəncamımda olan bu oyunçuların səviyyəsi mənim işimin nə qədər asan olmağından xəbər verir”.

Qeyd edək ki, Del Boskenin dünyanın ən yaxşı oyunçusu saydığı Vilyanı gələn ay Bakıya gətirəcəyi heyətə daxil edəcəyi gözlənilir.