Ergün Pənbədən Azərbaycan haqda sensasion açıqlama
15.05.2009 - 16:24
Ergün Pənbədən Azərbaycan haqda sensasion açıqlama
“Qalatasaray”ın sabiq futbolçusu Ergün Pənbə məşqçilik fəaliyyətini Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Türkiyə Superliqasında yerini itirən “Hacettepe” klubunun çalışdırıcısı ölkəmizdən təklif aldığını bildirib.

2000-ci ildə “Qalatasaray”ın heyətində UEFA kubokunu, bundan 2 il sonra isə Türkiyə milli komandası ilə dünya çempionatının bürünc medalını qazanmış Pənbə iş yerini dəyişmək fikrindədir: “Hələ futbol oynadığım vaxtlarda da iddialı idim. Baş məşqçi kimi də öz hədəflərim, iddialarım var. “Hacettepe” gələn il Superliqaya yüksəlməyi öz qarşısına məqsəd qoyarsa, bu komandada qalacağam”.

Onun ölkəmiz barədə dediyi sözlər isə böyük qalmaqal yarada bilər. Gənc məşqçi nədənsə Türkiyə və Azərbaycan arasında siyasi münasibətlərin gərgin olduğunu söyləyib: “Azərbaycandan bir klub mənimlə maraqlanır. Lakin siyasi amillər ucbatından bu təklifə müsbət yanaşmıram”.