Son tur “Bakı”, yoxsa “İnter” üçün düşərlidir?
15.05.2009 - 23:00
Son tur “Bakı”, yoxsa “İnter” üçün düşərlidir?
Azərbaycan Premyer Liqasının cari mövsümdə çempionluğa ən real namizəd olan “Bakı” klubu üçün son turlar uğurlu alınır. Apasport.az saytının hesablamalarına görə, paytaxtın eyniadlı komandası çempionatın son oyunlarında məğlubedilməzdir.

İlk üç ildə qalib gələn “Bakı” ötən mövsüm qələbə qazana bilmədi. Ümumiyyətlə, həmin mövsümdə komanda ən zəif göstəriciyə imza atıb. Makedoniyalı mütəxəssis Qyoko Hacıyevskinin çalışdırdığı kollektiv ötən çempionatı 8-ci yerdə bitirmişdisə, indi qızıl medalların bir addımlığındadır. “Bakı” tarixində ilk və hələ yeganə çempionluğuna da son turda qovuşub. Maraqlısı isə odur ki, həmin vaxt məğlub edilən komanda hazırda çempionluq mübarizəsində rəqib olan “İnter” idi. “Bakı” son turda “Muğan”la görüşəcəyi Tofiq Bəhramov adına Respublika stadionunda üç il öncə qazandığı qələbə ilə ilk dəfə qızıl medal qazandı. “Bakı”da son turlarda ən çox qol vuran futbolçulardan olan Fernando Peres indi də komandadadır. 29 yaşlı argentinalı hücumçu artıq 5 ildir bu klubda çıxış edir.

“İnter” isə son turlarda fərqli çıxış edir. İlk iki mövsümdə uduzaraq heç rəqib qapısına da yol tapa bilməyən “bankirlər” sonrakı iki ildə böyük hesabla qalib gəlib. Özü də hər iki görüşdə 4 top fərqli qələbə qeydə alınıb. Sözsüz ki, “İnter” üçün son turda ən uğurlu nəticə ötən mövsüm oldu. Ukraynalı mütəxəssis Valentin Xodukinin çalışdırdığı komanda “Şəfa” stadionunda “Qəbələ”ni yenməklə, tarixində ilk çempionluğuna qovuşdu. Həmin oyunda qollardan birini vuran Mahmud Qurbanov qış fasiləsində “Bakı”ya keçdi. 36 yaşlı yarımmüdafiəçi karyerasında 10-cu çempionluğunu yeni klubla qazanmağa çox yaxındır.

Göründüyü kimi, həm “İnter”, həm də “Bakı” hərəyə bir dəfə ölkə çempionu olub. Bakının eyniadlı təmsilçisi yalnız ötən mövsüm turnir cədvəlində “İnter”dən geri qalıb.

Qeyd edək ki, bu iki paytaxt təmsilçisinin çıxış etdiyi mövsümlərdə çempionluğun taleyi əksər vaxt son turda həll olunub. Yalnız 2004/05 mövsümündə “Neftçi” ilə “Xəzər-Lənkəran”ın xalları bərabər olduğu üçün “qızıl oyun”a ehtiyac oldu. İyunun 10-da Gəncədə keçirilən həmin həlledici görüşdə 2:1 hesabı ilə qalib gələn flaqman çempion oldu. 2006/07 mövsümündə “Xəzər-Lənkəran” klubu son turda səfərdə “Qəbələ”ni böyük hesabla məğlub etməklə (3:0) ilk dəfə çempionluq qazandı. 2005/06 mövsümündə “Bakı”, 2007/08 mövsümündə isə “İnter”in son turda çempion olduqlarını əvvəl qeyd etdik.

Artıq ikinci mövsümdür “qızıl oyun” ləğv olunduğu üçün, ölkə çempionu son turda müəyyənləşəcək. “Bakı” ilə “İnter”in xalları bərabər olarsa, qızıl medallar birincilərə verəcək. Çünki bu halda əsasnaməyə görə şəxsi oyunlar əsas götürülür. “Bakı” bu planda “İnter”i üstələyir (0:0 və 1:0). Xodukinin komandası Premyer Liqada yeganə məğlubiyyətini məhz “Bakı”dan alıb.


2004/05 mövsümü
34-cü tur
24 may

“Bakı” – “Ədliyyə” – 4:0
Yaşar Abuzərov, 4, 63, 65, Fernando Peres, 87

“Karvan” – “İnter” – 2:0
Yuri Muzika, 59, Zaur Ramazanov, 66

5. “Bakı” 34 21 10 3 60-14 73
7. “İnter” 34 19 9 6 44-24 66



2005/06 mövsümü
26-cı tur
29 may

“İnter” – “Bakı” – 0:1
Emin İmaməliyev, 27

1. “Baki” 26 18 4 4 42-12 58
4. “İnter” 26 14 8 4 35-14 50



2006/07 mövsümü
26-cı tur
26 may

“Karvan” – “Bakı” – 1:2
Cəmşid Məhərrəmov, 88 – Tərlan Xəlilov, 34, Fərid Quliyev, 71

“Şahdağ” – “İnter” – 1:5
Səbuhi Sadiqov, 88 – Toni Aleqbe, 2, İsmayıl Məmmədov, 48, 53, Əliyar İsmayılov, 59, Yuri Muzika, 71

3. “Bakı” 24 14 6 4 25-10 48
4. “İnter” 24 13 6 5 36-12 45


2007/08 mövsümü
26-cı tur
27 may

“Bakı” – “Turan” – 2:2
Fernando Peres, 50, 84 – İrakli Beraya, 5, 19

“İnter” – “Qəbələ” – 4:0
Roman Quello, 22, Xaqani Məmmədov, 35, Mahmud Qurbanov, 44, Petar Zlatinov, 77

1. “İnter” 26 18 4 4 55-18 58
8. “Bakı” 26 8 11 7 35-26 35
0