“Mübariz Mənsimov məni şəxsi təyyarəsi ilə Lənkərana gətirmək istəyirdi”
15.05.2009 - 23:08
“Mübariz Mənsimov məni şəxsi təyyarəsi ilə Lənkərana gətirmək istəyirdi”
“Trabzonspor” klubunun sabiq baş məşqçisi Yılmaz Vuralın Azərbaycana səfəri baş tutmayacaq. Bu haqda apasport.az saytına 56 yaşlı türkiyəli mütəxəssisin özü məlumat verib.

O, “Xəzər-Lənkəran”ın Premyer Liqanın son turunda Zaqatalanın “Simurq” klubu ilə ev oyununu izləmək istəyirdi. Vural Lənkərana komandanın sahibi və fəxri prezidenti Mübariz Mənsimovla gəlməyi planlaşdırırdı. Ancaq Vuralın sözlərinə görə, “Xəzər-Lənkəran”ın avrokuboklardan kənarda qalmasının reallığı vəziyyəti dəyişib: “Bildiyimə görə, bu komanda çox güman avrokuboklara qatıla bilməyəcək. Mübariz bəy bizi şəxsi təyyarəsi ilə Lənkərana gətirmək istəyirdi. Ancaq “Xəzər-Lənkəran” qitə miqyaslı turnirdən kənarda qalmaq üzrədir və buna görə “getməyə gərək yoxdur” dedilər. Mən də vəziyyətlə barışmağa məcbur oldum. Yəqin ki, Mənsimov da oyuna getməyəcək. O, getməyəndən sonra mən ora necə gedə bilərəm?”

Azərbaycandan təklif alan Vural “Xəzər-Lənkəran”ın baş məşqçisi olmaq istəyir. Ancaq təcrübəli mütəxəssis Mübariz Mənsimovla son günlərdə bu haqda danışığının olmadığını söyləyib.

Qeyd edək ki, “Qarabağ” son turda səfərdə “Karvan”ı məğlub edərsə, “Xəzər-Lənkəran”ın qitə miqyaslı turnirə yolu bağlanacaq.