“Xəzər-Lənkəran” Ergün Pənbəyə dəvət göndərib” - EKSKLÜZİV
15.05.2009 - 23:19
“Xəzər-Lənkəran” Ergün Pənbəyə dəvət göndərib” - EKSKLÜZİV
Türkiyə yığmasının və “Qalatasaray” klubunun sabiq futbolçusu, hazırda “Hacettepe”ni çalışdıran Ergün Pənbənin meneceri Anıl Tontunun apasport.az saytına müsahibəsi

- Pənbə Türkiyə mətbuatına müsahibəsində bildirib ki, Azərbaycandan təklif alıb...
- Bəli, doğrudur. Müştərimin ölkənizdə çalışmaq variantı var və bu, kifayət qədər ciddidir.

- Maraqlıdır ki, Pənbə siyasi amillər ucbatından Azərbaycandan aldığı təklifə müsbət yanaşmadığını söyləyib. Bunu heç cür anlaya bilmədik...
- Onun belə deməsi mümkün deyil. Əksinə, ölkənizdə çalışmaqda maraqlıdır. Pənbə Azərbaycanda işləməyin onun üçün böyük qürur olduğunu deyir.

- Elə isə onun belə açıqlama verməsini necə izah vermək olar?
- Mən şəxsən həmin müsahibə ilə tanış deyiləm. Buna görə də şərh vermək istəməzdim. Tanış olaram, sonra bununla bağlı açıqlama verərik.

- Pənbə Azərbaycandan bir klubun onunla maraqlandığını deyib. Bu, konkret hansı komandadır?
- Ölkənizdən 2-3 klub ona maraq göstərir. Hazırda danışıqlar gedir. Bildiyimə görə, ölkənizdə mövsüm sona yaxınlaşır. Səhv etmirəmsə, mayın 17-də keçiriləcək son turda çempionun adı məlum olacaq. Mövsüm bitəndən sonra bir çox mətləblərə aydınlıq gələcək.

- Siz konkret ad demədiniz...
- İndi ad çəkməsəm, məni bağışlayarsınızmı?

- Sadəcə, bizə ad lazımdır. “Xəzər-Lənkəran”ın sahibi Mübariz Mənsimov Türkiyədən tanınan şəxsdir, İstanbulda çalışır. Onun komandası bu variantlar arasında var?
- Var.

- Bəs başqa variantlar hansılardır?
- Siz yavaş-yavaş məndən söz alırsınız (gülür). Mümkündürsə, gözləyin. Bir müddət də keçsin. Yaxınlarda hər şeyə aydınlıq gələcək.

- Bilmək olarmı, həmin klubların nümayəndələri ilə görüşürsünüz, yoxsa danışıqlar telefonla gedir?
- Eləsi var ki, görüşürük, eləsi də var ki, telefonla danışmışıq. Pənbə “Qalatasaray”da çıxışı ilə tanınıb, əhatə dairəsi də genişdir. Onun İstanbula görüşləri olub. Ergünü yeni mövsümdə Azərbaycanda görmək mümkündür. Həm futbolçu, həm də məşqçi kimi iddialı olub. Pənbə Azərbaycanda çempionluğa oynayan bir klubda çalışa bilər. Onu yüksək yerlər uğrunda mübarizə aparan komandanın sükanı arxasında görmək mümkündür.

- Pənbəni Azərbaycana baş məşqçi kimi dəvət edirlər?
- Bəli.

- Bəs müştərinizə Türkiyədən dəvət var?
- Əlbəttə var. Superliqada orta sıralarda qərarlaşan 2-3 klub onunla maraqlanır. Pənbənin məşqçilik fəaliyyətində debütünü uğurlu saymaq olar. Hər halda, onun cəmi 36 yaşı var. Ergün “Hacettepə”də köməkçi məşqçi kimi işə başladı, sonra komandanın sükanı arxasına keçdi. Onun dönəmində 4-5 oyun uğurlu alındı. Xatırlayırsınızsa, səfərdə “Qalatasaray” üzərində 1:0 hesablı qələbə qazandılar.