Hafiz Məmmədov: “Bakı” indikindən 3-4 dəfə güclü olacaq!
15.05.2009 - 23:55
Hafiz Məmmədov: “Bakı” indikindən 3-4 dəfə güclü olacaq!
“Çempionatın belə gərgin keçəcəyi bizə bəlli idi. İndidən birinci yeri kimin tutacağından danışmaq tezdir. Son turun nəticələrini gözləməliyik. "Muğan"ı hesabdan silməməliyik". Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun prezidenti Hafiz Məmmədov deyib.

Azərbaycan Premyer Liqasının növbəti qalibinin adını açıqlamağa tələsməyən Məmmədov bildirib ki, son turda “Muğan”la matçda üç xala ümid bəsləyir. Onun fikrincə, "Bakı"nın çempionluğa gedən yolu təmiz mübarizədən keçib: "Biz heç vaxt əyri yollar axtarmamışıq. İşini bilən baş məşqçimiz və kifayət qədər səviyyəli futbolçularımız var. Çempion olarıqsa, burda adi işçidən tutmuş, bütün rəsmilərin əziyyəti nəzərə alınacaq. Bir kollektiv olaraq birləşdik, öz oyunumuzla bu yerə gəlib çıxdıq. Premyer Liqada güclü klublar çoxdur, hamısına hörmət edirəm. Hamımız futbolun inkişafı üçün çalışan insanlarıq. Artıq 3 il idi ki, çempion ola bilmirdik. Amma inanırdım ki, bu mövsüm tilsimi qıracağıq. Əlbəttə, sonadək eyni səviyyədə mübarizə aparmaq çətindir. Elə dönəm oldu ki, qeyri-sabit çıxış etdik, uduzduq. Heç bir klub xal itkisindən sığortalanmayıb. Çətin günlərdə də mən komandadan əlimi üzməmişdim".

Məmmədov qitə miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil etməyə çalışacaqlarını vurğulayıb: "Çempionat qurtarandan sonra klub rəsmiləri və baş məşqçi ilə görüşümüz olacaq. Həmin görüşdə bütün planları müzakirə edəcəyik. Lazımdırsa, komandanı daha da gücləndirəcəyik. Tanınmış futbolçulardan bir neçəsini ala bilərik. Avropada bacardıqca irəli getməliyik. Sözsüz, bəxtimizə hansı rəqiblərin düşməsindən də çox şey asılıdır. Söz verirəm ki, Avropada tamamilə yeni, daha müasir, sürətli futbol oynayan "Bakı" görəcəksiz. Heyətimiz indikindən 3-4 dəfə güclü olacaq. Yaxınlarda "Delfin"dəki bazamız, məşq meydançalarımız da istifadəyə veriləcək. Bunlar hamısı bir-birinə bağlı işlərdir".

Baş məşqçi Qyoko Hacıyevskinin fəaliyyətinə toxunan prezident, onunla əməkdaşlıqda yanılmadıqlarını və bu anlaşmanın müddətini uzatmağa hazırlaşdıqlarını qeyd edib. Makedoniyalı mütəxəssis önümüzdəki 2 mövsümdə də paytaxt təmsilçisinin sükanı arxasında əyləşməyə ən real namizəddir. Hacıyevskini yüksək səviyyəli məşqçi və insan adlandıran Məmmədov, klub üçün çalışan digər şəxslərin də əməyini qiymətləndirəcəklərini vurğulayıb: “Bu günlərdə olduğum xarici səfərlərin birində Makedoniya və Mərakeşdən olan insanlarla görüşdüm. Makedoniyalı tanışım biləndə ki, Hacıyevski "Bakı"dadır, heyrətləndi. Dedi ki, bütün makedoniyalılar onu çox istəyir, güclü məşqçidir. Barəsində xeyli danışdı, keçmiş fəaliyyətindən söz saldı. Dedi ki, ölkəsində Hacıyevskidən səviyyəli məşqçi yoxdur. O adam Draqan Naçevskini də yaxşı tanıyır. Hətta indi də evləri qonşudur, gediş-gəlişləri var. Mərakeşdə də "Bakı"nı tanıyırlar, Hasan Suarini almağımızı bilirlər. İndi hansı ölkədə oluramsa, "Bakı"nın adını çəkən kimi tanıyırlar. Məgər bu, klubumuzun uğuru deyilmi? Bir anlıq təsəvvür edin ki, "Bakı" Avropada 2-3 mərhələ keçdi, onda hamı Azərbaycandan danışacaq, ölkəmizlə maraqlanacaq".
0