Şahin Diniyevin oğlunun ikinci sınağı
16.05.2009 - 10:58
Şahin Diniyevin oğlunun ikinci sınağı
Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının yarımmüdafiəçisi Kərim Diniyev Rusiyada ikinci oyununu keçirib. Apasport.az saytının məlumatına görə, milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyevin oğlu olan Kərim atasının çalışdırdığı Qroznının “Terek” klubunun gənclərdən ibarət komandasında ikinci görüşündə “Lokomotiv”ə qarşı oynayıb. Diniyev 16 yaşlı oğlunu Moskvada keçirilən matçın 79-cu dəqiqəsində meydana buraxıb. Həmin vaxt “Terek” hesabda 1:3 geridə olub və bundan sonra daha bir qol buraxan qonaqlar böyük hesabla (1:4) uduzub. Bu, Diniyevlərin cari mövsümdə ilk böyük hesablı məğlubiyyəti olub. Halbuki “Terek” belə aqibətlə üzləşməyə bilərmiş. Belə ki, qonaqlar 90+2-ci dəqiqədə penalti zərbəsi vurmaq imkanı qazansa da, bunu dəqiq yerinə yetirə bilməyib. Diniyevin komandası 11-ci dəqiqədə hesabı açdığı oyunda sonda darmadağın olub. İndi “Terek” 9 oyundan sonra 11 xalla turnir cədvəlində 10-cu yerdə gedir.

Qeyd edək ki, Kərim Rusiyada debüt oyununda da qələbə üzünə həsrət qalıb. Belə ki, Kazanın “Rubin” komandası ilə görüş qolsuz heç-heçə nəticələnib. Həmin matçda da sonradan meydana çıxan Kərim 47 dəqiqə oynayıb.
0