Ergün Pənbə: Bakı klublarından dəvət almışam - MÜSAHİBƏ
17.05.2009 - 18:17
Ergün Pənbə: Bakı klublarından dəvət almışam - MÜSAHİBƏ
Türkiyə yığmasının və “Qalatasaray” klubunun sabiq futbolçusu, hazırda “Hacettepe”ni çalışdıran Ergün Pənbənin apasport.az saytına eksklüziv müsahibəsi

- Ergün hoca, işləriniz necədir?
- Sağ olun, yaxşıdır.

- Türkiyə mətbuatına müsahibənizdə Azərbaycandan təklif aldığınızı bildirmisiniz. Bununla bağlı fikirlərinizi bilməz maraqlı olardı...
- Həqiqətən də mənə Azərbaycandan dəvət gəlib. Bir-iki klub məni maraqlanır. İndi bu haqda düşünürük. Superliqanın bitməsini gözləyirik. Burdan da təkliflər var. Amma hələ gözləməyi daha məqsədəuyğun saymışıq.

- Azərbaycandan konkret hansı klublardan təklif almısınız?
- Bakı klublarıdır. Amma burda fəaliyyətimi başa çatdırıb, təklifləri götür-qoy edəndən, hər şeyə tam aydınlıq gələndən sonra açıqlama versəm daha yaxşı olardı.

- Komandalarımızın nümayəndələri ilə İstanbulda görüşmüsünüz, yoxsa telefonla danışmısınız?
- Bu, menecerin vasitəçiliyi ilə olub. Düzdür, telefonla da danışmışam. Bilirsiniz, qış fasiləsində Türkiyədə “Bakı” klubu yoxlama oyunu keçirdik.

- Bundan xəbərdarıq. Həmin vaxt “Bakı” klubunun rəsmi saytına verdiyiniz müsahibə ilə də tanış olmuşuq. Çempionluğa ən real namizəd olan “Bakı” haqda fikirlərinizi bilmək istərdik...
- Yaxşı komandadır, oyunu xoşuma gəldi. Həmin vaxt da demişdim ki, Azərbaycanda təklif olursa, sevə-sevə gəlib çalışarıq. İmkan və şərtlər uyğun gələrsə, oradakı təkliflər yaxşı olarsa, təbii ki, ölkənizdə gəlib çalışmaq bizim üçün qürurverici olur. Bundan zövq alarıq.

- Amma əvvəl qeyd etdiyimiz müsahibədə bildirmisiniz ki...
- (sözümüzü kəsir) Nə dediyinizi anladım. Belə bir açıqlama verməmişəm. Orda yazılıb ki, guya Azərbaycanda siyasi amillər ucbatından dəvətə müsbət baxmıram. Bunu mənim dilimdən belə yazıblar. Amma təbii ki, əslində, belə bir şey yoxdur, ola da bilməz.

- “Xəzər-Lənkəran”ın sahibi və fəxri prezidenti Mübariz Mənsimov Türkiyədə çalışır. Onun komandasından da təklif almısınız?
- İndi belə bir şeylər var, amma gözləyirik. Hazırkı klubum “Hacettepe” rəhbərliyi də mənimlə görüşmək istəyir. Bundan sonra təklifləri dəyərləndirəcəyik.

- Bilirik ki, siz həm futbolçu kimi iddialı olmusunuz, həm də məşqçi kimi. Azərbaycan təmsilçisinin hansı şərtləri müqabilində onu Türkiyə klubundan üstün tutub, razılıq verərsiniz? Sizin üçün maddi durum önəmlidir, yoxsa?
- Hazırda Azərbaycan futbolunun inkişafda olduğunu bilirəm. Böyük uğurla imza atmış bir futbolçu, hazırda məşqçi olaraq, futbolunuzun inkişafına öz töhfəmi vermək istərdim. Biz bunu edə bilərik və bu məqsədi düşünüb, ora gəlməyi arzulayırıq. Özü də gəldiyimiz zaman yalnız bir yox, 2-3 il qalmaq istərdim. Məqsədimiz orda faydalı iş görüb, həmin klubu yüksək yerlərə gətirməkdir.

- Ölkəmizdə bir sıra həmyerliləriniz çıxış edir. Həmin türkiyəli futbolçularla da futbolumuz haqda söhbət etmisinizimi?
- Suat Usta, Əli Cansunla danışıram. Suatla “Qalatasaray”da bir yerdə çıxış etmişəm. Levent Kartop da onlar kimi “Neftçi”yə gəlmişdi. Sonra ayrıldı, hazırda “Kocaelispor”dadır. Azərbaycanda futbolun səviyyəsini qaldırmaq istədiklərini bilirəm. Bunun üçün uşaq futboluna, aşağı yaş qruplarından ibarət komandalar, klub infrastruktura xüsusi diqqət yetirmək lazımdır. Bildiyimizə görə, artıq bu yöndə də ciddi işlər görülür. Biz də buna öz töhfəmizi versəydik, nə gözəl olardı? Bu zaman özümüzü xoşbəxt sayardıq.

- Vaxtilə Bakıya Türkiyə milli komandasının heyətində futbolçu kimi gəlmişdiniz. Həmin rəsmi oyun xatirinizdə necə qalıb?
- Həmin səfər yadımdadır. Azərbaycanda yaxşı münasibət gördüm. Təbii ki, Bakı klublarından birində çalışmaq imkanı əldə etsəydik, bu, mənim üçün gözəl olardı.

- Siz məhz Bakıda çalışmaq istəyirsiniz, yoxsa? Misal üçün “Xəzər-Lənkəran” Lənkəranı təmsil edir. Orda işləməyə razı olardınızmı?
- Təbii ki, ilk növbədə şərtlər uyğun gəlməlidir. Bakı klublarından biri olarsa, bu, mənim daha yaxşı olar. Amma əyalət klubunda da çalışa bilərəm. Əsas düşüncələrimizin uyğun gəlməsidir. Bu olarsa, niyə də əyalətdə çalışmayım?

- “Neftçi”, “Bakı”, “İnter” kimi iddialı Bakı klublarınız var. Onlarla danışığınız olubmu?
- Dəqiq bir şey olmadığından ad çəkmək istəmirəm. Qoy məsələ həll olunsun, sonra açıqlama verərəm.

- Məsələyə nə vaxt tam aydınlıq gələr?
- Bir-iki həftəyə bəlli olar.
0