Şok: Fatih Terimin barmağı qopub, dənizə düşdü
18.05.2009 - 10:18
Şok: Fatih Terimin barmağı qopub, dənizə düşdü
Futbol üzrə Azərbaycan milli komandası ilə qarşılaşacaq Türkiyə yığmasının baş məşqçisi Fatih Terim ciddi xəsarət alıb. Apasport.az saytının məlumatına görə, 56 yaşlı çalışdırıcının barmağı qoparaq, dənizə düşüb.

Hadisə dünən səhər Terimin ailəsi ilə birgə istirahət etdiyi Bodrumda baş verib. Göltürkbükü Bələdiyyəsindəki villasında istirahət edən baş məşqçi dənizdə kater sürmək eşqinə düşüb. O, katerin ipini düzəltmək istəyərkən, ehtiyatsız davranıb. Nəticədə onun barmağı kəndirlə kater arasında qalaraq, qopub. Dərhal qəsəbədəki xəstəxanaya çatdırılan “İmperator” sonradan xüsusi təyyarə ilə İstanbula aparılıb.

Kadıköy Acıbadem Xəstəxanasında Terimin üzərində keçirilən əməliyyat təxminən 5 saat davam edib. Əməliyyatı aparan həkim Ufuk Nalbantoğlu məşqçinin barmağının yerinə tikildiyini bildirib: “Onun əlinin 3-cü barmağında böyük problem var. Terimin barmağı qopduqdan sonra dənizə düşüb və onu dalğıclar tapıblar. Biz barmağın normal işləməsi üçün əlimizdən gələni edirik. O, ciddi tibbi nəzarət altında xəstəxanada təxminən 1 həftə, 10 gün qalmalıdır”.

Müalicəsi davam edən Terimi Beşiktaş Bələdiyyə sədri İsmayıl Ünal, UEFA-nın vitse-prezidenti Şenes Erzik, Türkiyə Futbol Federasiyasının rəsmisi Metin Kazancıoğlu, “Kayserispor” klubunun baş məşqçisi Tolunay Kafkas, “Qalatasaray” rəsmisi Haldun Üstünel, eləcə də bu komandanın yarımmüdafiəçisi Arda Turan ziyarət edib.

Təcrübəli çalışdırıcının Azərbaycanla oyuna qədər sağalıb-sağalmayacağı məlum deyil.
Xatırladaq ki, milli komandamızın Türkiyə yığması ilə beynəlxalq yoldaşlıq görüşü iyunun 2-də Kayseri şəhərinin “Kadir Has” stadionunda keçiriləcək.