Premyer Liqanın medalları “Ay işığı”nda
18.05.2009 - 11:18
Premyer Liqanın medalları “Ay işığı”nda
Azərbaycan Premyer Liqasında cari mövsümün medalçıları mayın 21-də mükafatlandırılacaq. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqasının (PFL) rəhbərliyi həmin gün qızıl, gümüş və bürünc medalı sahiblərinə təqdim edəcək.

Son mövsümün yekununa əsasən “Bakı” çempion, “İnter”lə “Simurq” isə müvafiq olaraq gümüş və bürünc mükafatçı oldu. “Ay işığı” restoranında keçiriləcək tədbir saat 14:00-da başlayacaq. Mükafatçılar həmin günü gözləyərək, bundan sonra istirahətə buraxılacaq.

Ancaq bu, “İnter”ə şamil olunmamalıdır. Çünki bu komanda Azərbaycan kubokunun finalına çıxdığından, mayın 23-də Ağdamın “Qarabağ” klubu ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək həlledici görüşə hazırlaşır.

Qeyd edək ki, ötən mövsüm də Premyer Liqanın mükafatlandırma mərasimi eyni vaxtda olmuşdu. Həmin vaxt “İnter”ə qızıl, “Olimpik”ə gümüş, “Neftçi”yə bürünc medal “Hyatt Regency” otelində təqdim olunmuşdu. Milli çempionatlarımız tarixində ilk dəfə olaraq çempiona kubok təqdim olundu. Bunu həyata keçirən PFL Fransada hazırlanan xüsusi kuboku “Muğan”la oyundan dərhal sonra “Bakı”nın kapitanı Rafael Əmirbəyova təqdim edib.