36 yaşlı “Professor”un futbolumuzda yeni rekordu
18.05.2009 - 12:03
36 yaşlı “Professor”un futbolumuzda yeni rekordu
“Bakı”nın yarımmüdafiəçisi Mahmud Qurbanov Azərbaycan futbolunda yeni rekord müəyyənləşdirib. Apasport.az saytının hesablamalarına görə, 36 yaşlı yarımmüdafiəçi 10-cu dəfə ölkə çempionluğunu qazanaraq, öz şəxsi rekordunu yeniləyib.

Milli çempionatın qalibi ardıcıl üçüncü mövsümdür son turda bəlli olur. Özü də hər dəfə böyük hesablı qələbə ilə. Belə ki, “Xəzər-Lənkəran” səfərdə “Qəbələ”ni 3:0, “İnter”lə “Bakı isə müvafiq olaraq “Qəbələ” və “Muğan”ı evdə 4:0 hesabı ilə yenib. Bütün bu görüşlərdə iştirak edən Mahmud ardıcıl 3-cü dəfə çempion olur.

İndiyədək 6 müxtəlif klubla çempionluq qazanan Qurbanov bunların 3-ü ilə “qızıl dubl”a imza atıb. Yəni “professor” ləqəbli futbolçu ölkə kubokuna əksər vaxt çempion olduğu zaman sahib çıxır. Yalnız Mahmudun ilk kuboku istisna olub ki, həmin vaxt (1993/94) onun heyətində yer aldığı Gəncənin “Kəpəz” klubu qızıl yox, bürünc medal əldə edib.

Yeri gəlmişkən, Mahmudun əsas uğurları doğulub, boya başa çatdığı, futbolda ilk addımlarını atdığı Gəncə ilə bağlıdır. Təsadüfi deyil ki, orta sahə oyunçusunu mükafatların çoxunu (7-si) “Kəpəz”in heyətində əldə edib. Ümumilikdə, medallar və kuboku da nəzərə alsaq, karyerasında 17 mükafat olan Mahmud ən titullu futbolçumuzdur.

Maraqlısı isə odur ki, 1997-ci ildən bu yana Azərbaycan çempionu bu futbolçunun heyətində yer aldığı komandalar olur. Söhbət “Kəpəz”, “Şəmkir”, “Neftçi”, “İnter”, “Xəzər-Lənkəran” və “Bakı”dan gedir. Yeganə istisna 2006-cı olub ki, həmin vaxt “Bakı” ilk çempionluğunu Mahmudsuz qazanmışdı. Cari mövsümün qış fasiləsində “İnter”dən “Bakı”ya keçən Qurbanov daha bir klubla da qızıl medal qazandı. Özü də o, karyerasında ilk dəfə bir mövsümdən az oynadığı klubla çempion oldu.

Göründüyü kimi, Mahmudun ayağı düşərlidir və onun çıxış etdiyi klublar əksər vaxt 1-ci olur. “Kəpəz”, “Şəmkir”, “Xəzər-Lənkəran” və “İnter” ilk çempionluğuna məhz onunla nail olub. Təcrübəli futbolçunun karyerasında yeganə gümüş medal isə çempionluqla bağlı böyük əks-səda doğuran 1996/97 mövsümünə təsadüf edir. Belə ki, həmin vaxt çempionatın yekuna əsasən “Neftçi” 1-ci olsa da, AFFA qızıl medalı “Qarabağ”a da verdi. Buna da səbəb həmin vaxt yekunda əsasla yanaşı, əvəzedici komandaların göstəricilərinin nəzərə alınması idi. Nəticədə “Qarabağ” “Neftçi”ni keçsə də, UEFA çempion kimi məhz flaqmanı tanıdı. Təsadüfi deyil ki, həmin vaxt Çempionlar Liqasına məhz “Neftçi” yollandı.


Mahmud Qurbanovun bütün mükafatları

Azərbaycan çempionu

“Kəpəz” (1994/95, 1997/98, 1998/99 mövsümü)
“Şəmkir” (1999/00, 2000/01)
“Neftçi” (2003/04, 2004/05)
“Xəzər-Lənkəran” (2006/07)
“İnter” (2007/08)
“Bakı” (2008/09)

Azərbaycan çempionatının gümüş medalı
“Neftçi” (1996/97)

Azərbaycan çempionatının bürünc medalı
“Kəpəz” (1993/94, 1995/96)

Azərbaycan kuboku
“Kəpəz” (1993/94, 1997/98)
“Neftçi” (2003/04)
“Xəzər-Lənkəran” (2006/07)

“Qızıl dubl” (həm çempionluq, həm ölkə kuboku)
“Kəpəz” (1997/98)
“Neftçi” (2003/04)
“Xəzər-Lənkəran” (2006/07)