“Bakı”nın futbolçuları gecə saat 3-dək şənləndilər
18.05.2009 - 12:16
“Bakı”nın futbolçuları gecə saat 3-dək şənləndilər
“Bakı” klubu tarixində ikinci çempionluğu “Fidan” restoranında qeyd edib. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın son turunda “Muğan” üzərində qələbədən (4:0) sonra paytaxt komandasının futbolçuları ailə üzvləri ilə birgə restorana yollanıblar.

Saat 22:00-da başlanan tədbir gecə saat 3-dək davam edib. Futbolçular meydançada yox, rəqs meydançasında bacarıqlarını nümayiş etdiriblər. “Bakı”nın prezidenti Hafiz Məmmədovun da qatıldığı tədbirdə əsl şadyanalıq olub.

Məmmədov çıxışında bütün komanda üzvlərini uğur münasibəti ilə təbrik edib. O, xüsusilə Mahmud Qurbanov və Rəhman Hacıyevin ünvanına xoş sözlər deyib. Məsələ burasındadır ki, ən titullu azərbaycanlı futbolçusu Mahmud karyerasında 10-cu dəfə çempion titulunu “Bakı”nın heyətində qazanıb.

“Bakı”nın yetirməsi olan Rəhman Hacıyevə gəlincə, onun Premyer Liqada debütü uğurlu alınıb. Belə ki, yeniyetmə futbolçu “Muğan”la görüşdə topa ilk toxunuşu ilə komanda yoldaşı, nigeriyalı Əhməd Ticaniyə məhsuldar ötürmə verərək, onun qol vurmasına imkan yaradıb. Rəhbərlik öz yetirmələrinə güvəndiyini, gələcəyin komandasında onların böyük çəkiyə malik olacağını inandığını vurğulayıb.

“Zolaqlılar”ın məşqçiləri və futbolçuları da öz növbələrində Hafiz Məmmədovu təbrik edərək, onun göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
0