“Bakı”nın Çempionlar Liqasında potensial rəqibləri məlumdur
18.05.2009 - 13:08
“Bakı”nın Çempionlar Liqasında potensial rəqibləri məlumdur
Avrokuboklarda göstərəcəyi nəticədən asılı olmayaraq, “Bakı” klubu tarixə düşəcək. Apasport.az saytının hesablamalarına görə, paytaxt təmsilçisi Çempionlar Liqasında mübarizəni birinci deyil, ikinci təsnifat mərhələsindən başlayan ilk Azərbaycan çempionu olacaq.

Tarixə birinci komanda kimi düşəcək bakılıların belə üstünlük əldə etməsi ölkəmizin daha çox yarışın formatının dəyişməsi ilə bağlıdır. Birinci təsnifat mərhələsində yalnız 4 ölkənin – Andorra, San-Marino, Malta və Çernoqoriya çempionları iştirak edir. Bu qarşıdurmaların iki qalibi isə digər 32 çempionla ikinci təsnifat mərhələsində mübarizə aparacaq. Həmin 32 komandadan isə artıq 26-sı məlumdur.

İkinci təsnifat mərhələsində çıxış edəcək 34 komanda öz növbəsində iki yerə - səpələnmiş və səpələnməmişlərə bölünüb ki, onlar da püşkatma zamanı nisbətən güclülərin bir-biri ilə oynamamağı üçündür.

Azərbaycan çempionu birinci təsnifat mərhələsinin iki qalibinin də yer alacağı səpələnməmişlər sırasında qərarlaşıb ki, buradakı komandaların 13-ü müəyyənləşib. “Bakı”nın potensial rəqibinin yer aldığı səpələnmişlərin də siyahısında 13 iştirakçı məlumdur.

Qeyd edək ki, çempionun potensial rəqibləri arasında əvvəllər avrokuboklarda qarşılaşdığımız “Partizan”, “Dinamo”, “Hafnarfyordur”, APOEL var. İlk üç komanda ilə məhz Çempionlar Liqası görüşmüşük. BATE, “Ventspils” və “İnter” isə “Birlik kuboku”nda Azərbaycan klublarının rəqibi olub. “Kalmar”a gəlincə, “Bakı”nın sabiq futbolçusu olan Anatoli Ponomaryov məhz bu komanda ilə İsveç çempionatının bürünc medalını qazanıb.

Səpələnmişlər: “Partizan” (Serbiya), “Dinamo” (Xorvatiya), BATE (Belarus), “Zaltsburq” (Avstriya), “Kalmar” (İsveç), APOEL (Kipr), “Stabek” (Norveç), “Slovan” (Slovakiya), “Ventspils” (Latviya), “Maribor” (Sloveniya), “Hafnarfyordur” (İslandiya), “İnter” (Finlandiya), “Ekranas” (Litva), həmçinin İsrail, Bolqarıstan, Danimarka və Polşa çempionları.

Səpələnməmişlər: “Bohemians” (İrlandiya), “Zrinski” (Bosniya və Herseqovina), “VİT-Corciya” (Gürcüstan), “Şerif” (Moldova), “Makedoniya” (makedoniya), “Bakı” (Azərbaycan), “Levadiya” (Estoniya), “Aktobe” (Qazaxıstan), “Pünik” (Ermənistan), “Ril” (Uels), “Qlentoran” (Şimali İrlandiya), “Streymur” (Farer adaları), “Dudelanj” (Lüksemburq), həmçinin Macarıstan və Albaniya çempionları və birinci təsnifat mərhələsinin iki qalibi.
0