Quzanlıdakı fədakarlıq “Qarabağ”a baha başa gələ bilər
18.05.2009 - 13:42
Quzanlıdakı fədakarlıq “Qarabağ”a baha başa gələ bilər
Dünən başa çatan Azərbaycan Premyer Liqasının yekun nəticəsi əsasında avrokuboklarda iştirak edəcək heç də bütün klublarımız müəyyənləşməyib. Apasport.az saytının məlumatına görə, qızıl medalın sahibi “Bakı” Çempionlar Liqasına, gümüş və bürünc medalçı “İnter” və “Simurq” isə yeni mövsümdən Avroliqa adlanacaq UEFA kubokuna vəsiqə əldə edib.

Avroliqada üçüncü, sonuncu vəsiqənin sahibi isə Azərbaycan kubokunun final matçında məlum olacaq. Mayın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək həlledici qarşılaşmada “İnter” Ağdamın “Qarabağ” komandasını sınağa çəkəcək. Bakı təmsilçisi avrokuboklara vəsiqə qazandığından, final bu nöqteyi-nəzərdən onun üçün əhəmiyyətli deyil. Əvəzində, “Qarabağ”la “Xəzər-Lənkəran” üçün finalın nəticəsi böyük önəm kəsb edir. Avroliqaya bu komandalardan hansının gedəcəyi məhz kubokun həlledici oyunundan asılıdır.

Premyer Liqanın son turunda “Qarabağ”ın Yevlaxın “Karvan” klubu ilə səfər oyununda (0:0) xal itirməsi “Simurq”u evdə məğlub edən (3:1) “Xəzər-Lənkəran”ın 4-cü pilləyə yüksəlməsinə imkan yaratdı. Bununla da, 5-ci yerə düşən “Qarabağ”ın avrokuboklara son ümidi ölkə kubokuna qalıb. Təbii ki, bunun üçün “İnter”i məğlub edib, kuboka sahib çıxmaq lazımdır. Əks təqdirdə Avroliqaya “Xəzər-Lənkəran” yollanacaq. Çünki qaydaya əsasən, bu yarışda iştirak hüququnu çempionatda qazanılan medal sayəsində əldə edən komanda kuboka da sahib çıxacağı təqdirdə, həmin vəsiqə Premyer Liqada özündən sonra qərarlaşan kluba nəsib olur. Turnir cədvəlində “İnter”dən sonra gələn “Simurq” Avroliqaya çıxıb. Deməli, vəsiqə ondan sonra gələn komanda, yəni 4-cü yerin sahibi “Xəzər-Lənkəran”a nəsib ola bilər.

Əgər “İnter” çempion olsaydı, bu zaman “Qarabağ” ölkə kubokunun finalçısı qismində, avtomatik olaraq, Avroliqaya vəsiqəni rəsmiləşdirəcəkdi.

Qeyd edək ki, İntertoto kubokunun ləğv olunması ilə avrokubokların formatı dəyişdirilib. Ölkə kubokunun sahibi Avroliqada birinci təsnifat mərhələsindən azad olunaraq, mübarizəyə birbaşa ikinci mərhələdən başlayacaq. Sözsüz ki, bu, bir çox komponentlərdə üstünlükdür və ona görə də “İnter”ə kubokun qalibi kimi Avroliqaya yollanmaq sərfəlidir. Həm də ötən ildən fərqli, bu dəfə çempion ola bilməyən “bankirlər” mövsümü titulla başa vurmaq iddiasındadırlar.

“İnter” çempionluq yolunda ən böyük zərbəni Quzanlıda “Qarabağ”la görüşdə (1:1) alıb. Həmin iki xal itkisi ilə “Bakı”dan geri düşən komanda axırıncı iki oyunda qələbə qazansa da, liderliyi qaytara bilməyib. Belə olan halda, “İnter” ölkə kubokunun finalında “Qarabağ”dan ona çempionluq bahasına başa gələn nəticəyə görə əvəz çıxacaq. İdman prinsiplərini üstün tutduğunu bir daha nümayiş etdirən “Qarabağ” üçün isə Quzanlıdakı fədakarlıq avrokuboklardan kənarda qalmaq bahasına başa gələ bilər.
0