Azərbaycan futbolunun tarixinə düşənlər...
18.05.2009 - 14:33
Azərbaycan futbolunun tarixinə düşənlər...
“Bakı”nın legionerləri Xalidu Sissoko, Fernando Peres və Georgi Adamiya Azərbaycan futbolunun tarixinə düşüb. Apasport.az saytının hesablamalarına görə, “Bakı”nın heyətində qızıl medal qazanan bu üç futbolçu ölkəmizdə ikinci dəfə çempion olan legionerlər arasında yer aldı.

31 yaşlı seneqallı qapıçı Xalidu Sissoko ilə 29 yaşlı argentinalı hücumçu Fernando Peres 2006-cı ildə də “Bakı” ilə çempion olub. Georgi Adamiya isə ilk çempionluğunu 2005-ci ildə “Neftçi”nin heyətində qazanıb. 28 yaşlı gürcü hücumçu ikiqat Azərbaycan çempionu olması ilə həmyerlilərinin rekorduna şərik çıxıb. Söhbət artıq ölkəmizdə çıxış etməyən müdafiəçi Valeri Abramidze ilə hücumçu Badri Kvaratsxeliyadan gedir.

29 yaşlı Abramidze “Neftçi” və “Xəzər-Lənkəran”ın heyətində qızıl medal qazanıb. İkinci dövrədə Bakının “Standard” klubunun baş məşqçisi olan, sonradan isə istefa verən Kvaratsxeliya isə iki dəfə “Şəmkir”, bir dəfə “Kəpəz”lə çempion olub. 44 yaşlı veteran hücumçu Azərbaycanda çıxış edən ən titullu legioner adını hələ də qoruyur.

“Bakı”nın legionerləri arasında moldovalı Vadim Borets, braziliyalı Fabio Luis Ramim, nigeriyalı Əhməd Ticani başqa klublarımızda da oynayıb. Ancaq onlar ilk çempionluqlarını məhz “Bakı” ilə qazanıblar. 33 yaşlı Borets üç il forma geydiyi “Neftçi”də ən yaxşı halda gümüş mükafatçı olub. Milli komandamızın da üzvü olan 27 yaşlı Fabio isə eyni uğura “Olimpik”də imza atıb, İmişlinin “MKT-Araz” klubunun heyətində isə ölkə kubokunun finalına çıxıb. Ticaninin “Bakı”ya qədər çıxış etdiyi Qusarın “Şahdağ” klubu autsayder mövqedə yer alırdı.

“Bakı”nın baş məşqçisi Qyoko Hacıyevskinin ölkəmizdə ilk mükafatı çempionluq olub. 54 yaşlı makedoniyalı mütəxəssis 2007-ci ilin sentyabrında ölkəmizə gələrək, paytaxt təmsilçisinin sükanı arxasına keçib. Ötən mövsüm “Bakı” ilə 8-ci olan Hacıyevski bu dəfə qızıl medala sahib çıxdı. Bununla o, “İnter”dəki ukraynalı həmkarı Valentin Xodukindən sonra Azərbaycan çempionluğunu qazanan ikinci əcnəbi mütəxəssis oldu. Ötən mövsüm qızıl medalları məhz Xodukinin komandasının qazandığını nəzərə alsaq, Azərbaycan çempionun adına ardıcıl ikinci mövsüm əcnəbi məşqçi sahib çıxır.
0