“Xəzər-Lənkəran” 6 futbolçunu qovdu!
18.05.2009 - 17:03
“Xəzər-Lənkəran” 6 futbolçunu qovdu!
Bu gün “Xəzər-Lənkəran” rəhbərliyi məşqçi və futbolçu heyəti ilə birgə iclas keçirib. Apasport.az-ın klubun rəsmi İnternet saytına istinadən məlumatına görə, mövsümün yekunlarına həsr olunmuş toplantıda 6 oyunçu ilə əməkdaşlığa son qoyulub.

Özü də bu futbolçuların hamısı əcnəbidir. Söhbət braziliyalı Romulo Silvano, portuqaliyalı Renato Moreyra, isveçli Nadir Bençena, türkiyəli Göksel Akıncı, litvalı Audrius Veykutis və rumıniyalı Klaudio Radukanudan gedir. Adıçəkilən oyunçuların əksəriyyəti ilə müqavilələr qarşılıqlı razılaşma əsasında pozulub. Yalnız rumıniyalı Radukanu transferə çıxarılıb.

Qışda müvafiq olaraq, “Simurq” və “Karvan”a icarəyə verilmiş Füzuli Məmmədov və Alim Qurbanovun da gələcək taleyinə aydınlıq gəlib. Baş məşqçi İqor Ponomaryov bundan sonra da bu iki futbolçunun xidmətinə ehtiyac duymadığını bildirib. Daha bir “Xəzər-Lənkəran”lı, mövsümün gedişində intizamsız davranışına görə transferə çıxarılmış Emin Quliyevin məsələsinə isə yayda baxılacaq.

Qeyd edək ki, qovulmuş futbolçulardan təkcə Romulonu “Xəzər-Lənkəran”ın əsas heyət üzvü saymaq olar. O, 2008/09 mövsümündə 8 qol vurmaqla, klubun ikinci bombardiri olub. Nadir Bençenadan başqa, digərləri Lənkəran komandasına ötən ilin yayında transfer ediliblər.
0