UEFA Azərbaycan - İspaniya oyunu ilə bağlı mövqeyini açıqladı
18.05.2009 - 18:49
UEFA Azərbaycan - İspaniya oyunu ilə bağlı mövqeyini açıqladı
UEFA Azərbaycan - İspaniya oyunu ilə bağlı AFFA-ya cavab verib. Bu haqda apasport.az saytına məlumat verən AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun sözlərinə görə, qitə futbol qurumu iyunun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək yoldaşlıq görüşünə hakimlərin təyinatına qarışmaq istəmir.

UEFA-nın Hakimlər Komitəsinin sədri Anhel Vilyar Llona İspaniya Futbol Federasiyasının prezidentidir. Bunu nəzərə alan AFFA UEFA-ya rəsmi müraciət etməyi lazım bilmişdi. Məmmədov bildirib ki, Avropanın ən mötəbər futbol təşkilatı yoldaşlıq görüşünə hakimləri ev sahiblərinin təyin etməsini daha məqsədəuyğun sayıb: “UEFA-dan aldığımız cavab məktubunda göstərilib ki, hakimləri özümüz müəyyənləşdirməliyik. Çünki qitə futbol qurumu rəsmi oyunlardan fərqli, yoldaşlıq görüşlərinə təyinatlara qarışmır. Hər halda, biz üzərimizə düşən vəzifəni yerinə yetirdik. Sonra deməsinlər ki, kimi gəldi dəvət ediblər. Əvvəl də dediyim kimi, böyük futbol ölkələri olan qonşu dövlətlərdən hakimlər dəvət edəcəyik. Bu, Rusiya, yaxud Türkiyə ola bilər. Ukrayna variantı da var. Sadaladığım ölkələrin futbol federasiyalarına FİFA hakimini göndərməklə bağlı rəsmi müraciət edəcəyik. Əsas istəyimiz bu, olacaq. Hakimlərin kimliyini isə artıq həmin federasiyalar özləri müəyyənləşdirəcək. Müraciətdə konkret hakimi də göstərmək ilk növbədə etik cəhətdən düzgün deyil. Bu ölkələrdən birini seçib, yaxın günlərdə müraciətimizi edəcəyik”.

Qeyd edək ki, iyunun 2-də Kayseri şəhərində keçiriləcək Türkiyə - Azərbaycan oyununa hakimləri qardaş ölkənin futbol federasiyası təyin edəcək.
0