“Yuventus”un baş məşqçisi istefaya göndərildi
19.05.2009 - 09:44
“Yuventus”un baş məşqçisi istefaya göndərildi
İtaliyanın “Yuventus” klubunun baş məşqçisi Klaudio Ranyeri istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, rəhbərlik komandanın cari mövsümdəki çıxışından narazı qaldığından italyan mütəxəssislə yollarını ayırmaq qərarına gəlib.

Bundan sonra komandanı Turin klubunun gənclərdən ibarət komandasının baş məşqçisi Çiro Ferrara çalışdıracaq. Bununla bağlı “Yuventus”un rəsmi İnternet saytında bəyanat yer alıb: “Klub Ranyeriyə iki ildə gördüyü işə görə minnətdardır. Yeni baş məşqçimiz Çiro Ferraranın tezliklə ümidləri doğruldacağına inanırıq”.

Hazırda “Yuventus” İtaliya A seriyasında 3-cü yerdə gedir. Turinlilər çempionatın sonuna iki tur qalmış ən yaxın izləyicisi olan “Fiorentina” klubunu cəmi bir xal qabaqlayır. “Yuventus” son 7 oyunda qələbə üzünə həsrət qalıb.

Qeyd edək ki, Ferrara futbolçu karyerası zamanı “Yuventus”un şərəfini qoruyub.
0