Elşən Məmmədov: Çox əziyyət çəkmişik
19.05.2009 - 10:38
Elşən Məmmədov: Çox əziyyət çəkmişik
“Premyer Liqada üçüncü yeri tutduğumuz üçün çox sevinirik. Çempionatın yekunlaşmasından bir neçə gün keçib və emosiyalar artıq bir qədər soyuyub”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun futbolçusu Elşən Məmmədov deyib.

Klubun rəsmi İnternet saytına açıqlama verən 29 yaşlı hücumçu çıxış etdiyi komandanın Azərbaycan Premyer Liqasında üçüncü olmasına münasibət bildirib: “Soyuq başla düşünəndə görürük ki, bu 1 il ərzində xeyli əziyyət çəkmişik. Rəhbərlik, məşqçilər, futbolçular - hər kəs bir nöqtəyə vurdu. Şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı. Uğurumuz təsadüfi yox, qanunauyğundur. Bu, mənim özümün də ilk medalımdır. Buna qədər müxtəlif komandalarda bir neçə dəfə medallara yaxın olsam da, hər dəfə nəsə çatmırdı. Görünür, qismət belə imiş. İndi bizi çətin sınaq - Avropa Liqası gözləyir. İkiqat diqqətli, məsuliyyətli olmalıyıq. Məşqlərdə, toplanışlarda ikiqat əzmlə çalışmalıyıq. Çünki ortada Azərbaycanın idman şərəfi durur. Əlimizdən gələni edəcəyik ki, Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edək".

Qeyd edək ki, Elşən çempionatda 6 qol vurmaqla, “Simurq”un heyətində yalnız Vladimir Mazyardan geri qalıb və komandasının ikinci məhsuldar oyunçusu olub.
0